dunyada-ilk-defe-azerbaycanda-ictimai-islere-nezaret-qurgusu-istifadeye-verilib

Dünyada ilk dəfə Azərbaycanda İctimai İşlərə Nəzarət Qurğusu istifadəyə verilib

Azərbaycanda dünyada bir ilk olan İctimai İşlərə Nəzarət Qurğusu istifadəyə verilib.

İnsider.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

O qeyd edib ki, bu qurğu beynəlxalq tədbirlərdə nümayiş etdirilib: "İctimai İşlərə Nəzarət Qurğusu dünyada böyük marağa səbəb olub. Bu qurğu bizim öz məhsulumuz və öz layihəmizdir. Artıq qurğunun patentləşdirilməsi üzrə işlər görülür".

"Eyni zamanda, İctimai İşlərə Nəzarət Qurğusu artıq ölkədə istifadə olunur. Sistemin mexanizmi bundan ibarətdir ki, hər hansı məhkuma cəza növü təyin edildikdə həmin şəxs konkret bir yerə gedib iş görməlidir. Bu qurğu həmin şəxsə nəzarətçi funksiyasını yerinə yetirir. Şəxs isə iş yerinə gəldikdə, bu qurğunu işə salır. Biometrik məlumatlar əsasında siqnallar onun olduğu yeri Monitorinq Mərkəzində göstərir. Həmin şəxs işi yekunlaşdırdıqdan sonra qurğunu söndürür. Bu qurğu vasitəsi ilə biz həmin şəxsə tam olaraq nəzarət edirik", - A.Səmədzadə bildirib.

Onun sözlərinə görə, bu sistem Azərbaycanda cəmi 2 aydı tətbiq edilir: "Artıq bir neçə məhkum pilot rejimdə izlənilir. Göstəricilər isə 100 faizə yaxındır və hər hansı pozuntular aşkar olunmayıb".

Qeyd edək ki, İctimai işlər Cinayət Məcəlləsində nəzərdə tutulan cəza növlərindən biridir və məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir.