İnternetdə 95 milyard dollarlıq ziyan vuran 6 zərərli proqrama malik noutbuk satışa çıxarılıb. "The Persistence of Chaos" (Xaosun dözümlüyü) adlı lotun dəyəri artıq 1,2 milyon dolları ötüb.
İnsider.az "SecurityLab" resursuna istinadən yazır ki, dəstə quraşdırılmış "Windows XP SP3" sistemi ilə təchiz edilən 2008-ci il buraxılışlı "Samsung NC10-14GB" noutbuku, cərəyan şnuru, yenidən buraxılış skripti və aşağıdakı zərərli proqramlar daxildir:
Elektron poçt göndərişi və fayl mübadilə sistemləri vasitəsilə yayılan "ILOVEYOU" zərərli proqramı 500 mindən çox sistemə nüfuz edərək ümumilikdə 15 milyard dollar ziyan vurub.
Rusiya hakerləri tərəfindən hazırlanması ehtimal edilən "MyDoom" kompüter virus spamından ziyan 38 milyard dollar təşkil edib.
Spam vasitəsilə yayılan "SoBig" virus troyanı faylların üzünü köçürür, özünü elektron poçtla göndərir və proqram/aparat təminatını zədələyir. O, yüz minlərlə kompüterə nüfuz edərək 37 milyard dollar ziyan vurub.
Bekdor kimi də işləyən "WannaCry" fırıldaqçı virusu 2017-ci ildə dünyada 200 mindən çox kompüterə müdaxilə edərək 100 milyon dollar ziyan vurub.
Mürəkkəb "DarkTequila" zərərli proqramı əsasən Cənubi Amerika istifadəçilərinə hücum edib. O, internetə qoşulmadan bank hesab məlumatlarını və korporativ informasiyanı oğurlaya bilir. Virus qurbanlarının ziyanı milyon dollarlarla ölçülür.
"BlackEnergy 2" modullu struktura malikdir və "rootkit" kimi işləyir. 2015-ci ildə Ukrayna enerji şəbəkəsinə hücumlarda tətbiq edilib.
Lota görə, noutbuk fiziki baxımdan internet və digər qurğulardan təcrid edilib. Lotun satıcısı qismində rəssam Quo O Donq və "Deep Instinct" informasiya təhlükəsizliyi şirkəti çıxış edir. İncəsənət layihəsi kimi satışa çıxarılan obyektə qeyddə "ABŞ-da zərərli proqram təminatının satışı qadağandır, alıcı başa düşməlidir ki, bu əsər təhlükəsizlik üçün təhdid yaradır" yazılıb. Hərrac daha 4 gün davam edəcək. Xəbər yazılan zaman lotun dəyəri 1 200 749 dollar təşkil edib.