efv-serencaminin-icrasina-baslanilib

Əfv Sərəncamının icrasına başlanılıb

Prezident İlham Əliyevin mayın 8-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" Sərəncamın icrasına başlanılıb.

Sərəncamın icrası Ədliyyə Nazirliyinin Probasiya xidmətində icra olunur.

Belə ki, Probasiya xidmətindən Bakı şəhəri üzrə şərti olaraq məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və azadlığı məhdudlaşdırılan 28 nəfər cəzasından azad edilib.

Onlardan 1 nəfər yetkinlik yaşına çatmamış, 1 nəfər isə əcnəbi vətəndaşdır.

Qeyd edək ki, müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizin tarixində əlamətdar hadisə olduğunu vurğulayaraq, Ulu Öndərin əbədiyaşar əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək, onun bəşəri amallara, qanunçuluq və ədalət ideallarına söykənən zəngin mənəvi irsinə sadiq qalaraq, demokratik hüquqi dövlət quruculuğu istiqamətində fundamental islahatların həyata keçirilməsində Heydər Əliyevin misilsiz xidmətlərini, insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verdiyini xatırlayaraq, humanizm, mərhəmət və insanpərvərlik ənənələrini davam etdirərək, cəzadan azad olunacaq şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına öz töhfəsini verəcəklərinə inanaraq, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycanın Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, Azərbaycanın Prezidenti İlham Əliyev 2023-cü il mayın 8-də "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" Sərəncam imzalayıb.

Sərəncama əsasən, 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

Bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycanın tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.

Report