ekvador-assanjin-esyalarini-abs-a-teslim-edecek

Ekvador Assanjın əşyalarını ABŞ-a təslim edəcək

Ekvador “WikiLeaks” təsisçisi Culian Assanjın Britaniyadakı səfirliyində qalmış bütün əşyaları və sənədlərini ABŞ-a verməyi planlaşdırır.

İnsider.az-ın məlumatına görə, bu barədə mayın 12-i rəsmi bildirişə istinadla “El Diario” qəzeti xəbər verib.

Qəzet qeyd edir ki, səfirlikdə sənədlərdən savayı, Assanjın mobil telefonları, kompüterləri, kompakt-diskləri və digər əşyaları var. Ekvadorun hüquq mühafizə orqanlarının nümayəndələri Assanjın səfirlikdəki otağında axtarış aparacaqlar.

“El Diario”-ya görə, belə qərar, ABŞ Ədliyyə Nazirliyinin Ekvadora müvafiq məktubun göndərdiyindən və cavab olaraq Ekvador baş prokurorun xahişi yerinə yetirməyi razılaşdıqdan sonra alınıb.

Axtarış zamanı hüquq mühafizə orqanları həmçinin Assanjın internetə necə çıxış əldə etdiyini öyrənəcəklər.

Xatırladaq ki, Assanj 2006-cı ildə “WikiLeaks” portalını təsis edib. Portalda Böyük Britaniya və ABŞ da daxil bir sıra dövlətlərin fəaliyyələri barədə məxfi məlumatlar dərc olunur. 2012-ci ildə o, Ekvadorun Londondakı səfirliyində sığınacaq almışdı və cari ilin aprelin 11-dək Britaniya polisinin onu həbs etməsinə kimi orada qalırdı.

Samirə Məmmədova