eli-esedov-bas-nazir-vezifesine-teyin-olundu

Əli Əsədov Baş nazir vəzifəsinə təyin olundu

Milli Məclis Əli Əsədovun Baş nazir vəzifəsinə təyinatına razılıq verib.

Qanunverici orqanın fevralın 16-da keçirilən toplantısında onun namizədliyi səsverməyə qoyularaq qəbul edilib.

Milli Məclisin deputatlarından 105 nəfər Ə.Əsədovun Baş nazir olmasının lehinə, 1 nəfər isə əleyhinə səs verib.

Daha sonra Ə.Əsədov çıxış edib. O, Baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib. Eyni zamanda, vəzifəyə təyinatına razılıq verilməsinə görə Milli Məclisin deputatlarına minnətdarlığını bildirib:

"İlk öncə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə mənim namizədliyimi irəli sürdüyünə və mənə göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri möhtərəm cənab İlham Heydər oğlu Əliyevə dərin təşəkkürümü bildirirəm.

Fürsətdən istifadə edərək müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə olaraq bütün suveren ərazilərimizi əhatə edən və şanlı tariximizə Zəfər seçkisi kimi əbədi həkk olunacaq prezident seçkilərində inamlı və möhtəşəm qələbə münasibətilə möhtərəm cənab Prezidenti bu yüksək kürsüdən bir daha ürəkdən təbrik edirəm".

O deyib ki, qədirbilən Azərbaycan xalqı şəffaf və demokratik şəraitdə öz layiqli və ədalətli seçimini edərək bir daha dövlət başçısına yüksək inam və etimadını göstərdi:

"Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə zamanın çağırışları və mürəkkəb geosiyasi şərtlər fonunda həyata keçirilən siyasi kurs Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsini, respublikamızın bölgənin Lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevrilməsini təmin etmişdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuzun otuz ilə yaxın işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində azad etməsi, 2023-cü ilin antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunması müstəqil dövlətçilik tariximizin ən şanlı səhifəsidir".

10:08

Milli Məclisdə Əli Əsədovun Baş nazir vəzifəsinə təyinatı məsələsi müzakirəyə çıxarılıb.

Onun namizədliyi Prezident İlham Əliyev tərəfindən irəli sürülüb.

Milli Məclisin sədri Sahibə Qafarova məsələ ilə bağlı deputatlara məlumat verib.

Daha sonra deputatlar məsələ ilə bağlı fikirlərini bölüşüblər.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışı Azərbaycanın gələcək inkişaf perspektivlərini müəyyən edən yol xəritəsi idi: "Bu xəritədə də Azərbaycanın inkişaf perspektivləri, gələcəyi haqqında çox nikbin mesajlar verdi. Hesab edirəm ki, Azərbaycanın bundan sonra sosial-iqtisadi inkişafı ilə əlaqədar məsələlər, iqtisadiyyatın daha da dirçəldilməsi üçün qarşıda duran məsələlər onu deməyə əsas verir ki, Azərbaycanda güclü baş nazir olmalıdır. Hesab edirəm ki, Əli Əsədov bu sahədə peşəkar kadrdır. Onun baş nazir vəzifəsindəki 5 illik fəaliyyəti göstərir ki, yerində olan kadrdır".

09:45

Bu gün Azərbaycanın yeni Baş naziri təyin ediləcək.

"Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında" məsələ Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin andiçmə mərasimindən sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib.

Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir. Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisinin müzakirəsinə təqdim edir. Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.

Report