Deputat Elnur Allahverdiyev Nazirlər Kabinetinin gömrük sahəsilə bağlı qəbul etdiyi son qərarın dövlətin iqtisadi siyasət fəlsəfəsinə ziddiyyət təşkil etdiyini bildirib.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatların ana xəttini liberallaşma təşkil edir. Cənab Prezident dəfələrlə öz çıxışlarında qeyd edib ki, Azərbaycan dövlətinin siyasətinin episentrində Azərbaycan vətəndaşı, onun marağı dayanır. Mart ayından başlayaraq pandemiya fonunda iqtisadi fəaliyyətin daralması və karantin rejiminin sərtləşdirilməsi nəticəsində qapanma barədə qərar veriləndə Cənab Prezident açıq şəkildə ifadə etdi ki, biz əhalinin sağlamlığının qorunmasını əsas məqsəd kimi qəbul edirik və buna görə də, ölkə iqtisadiyyatının azalacağına hazırıq. Yəni ölkə başçısı əhalinin sağlamlığını, sosial müdafiəsini iqtisadi maraqlardan üstün tutduğunu nümayiş etdirdi. Pandemiyanın törətdiyi iqtisadi reallıq da bizə nümayiş etdirdi ki, iqtisadiyyatımız, özəl sektor, ən əsası isə özəl sahənin dövlətlə münasibətləri daha çevik olmalıdır. Vergi sahəsindəki şəffaflaşdırma tədbirlərinin əhəmiyyəti hər kəsə məlumdur. Dövlətin zərər çəkmiş sahibkarlara maddi dəstək etməsi üçün şəffaf və qanuni müstəvidə fəaliyyət, işçilərlə əmək müqaviləsinin vacibliyinin başlıca səbəb kimi irəli sürülməsi çox uğurlu addımdır və nəticələrini görürük. Ancaq təəssüflə qeyd etməliyəm ki, hələ də elə sahələr var, dövlətin iqtisadi siyasətində izlənən novator tendensiyalardan geri qalır, prosesə özünün mühafizəkar yanaşması, “statistik nailiyyətlər” əldə etmək istəkləri ilə həm özəl sferanın, həm də vətəndaşların narazılığına səbəb olur”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.
Deputat bildirib ki, bu sözləri ilə konkret olaraq Dövlət Gömrük Komitəsinin fəaliyyətini nəzərdə tutur. Belə ki, həm qurumun işi, həm də Nazirlər Kabinetinin gömrük sahəsilə bağlı qəbul etdiyi son qərar nə mövcud iqtisadi çağırışlara, nə də dövlətin iqtisadi siyasət fəlsəfəsinə nəinki uyğun gəlmir, hətta ziddiyyət təşkil edir.
“Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” var.
Bugünlərdə həmin qaydalara dəyişiklik edilib. Biz son iki ildə, xüsusilə pandemiya ilə əlaqədar son yarım ildə adət etmişik ki, dövlətin iqtisadiyyatla bağlı islahatları liberal xarakter daşıyır.
Yəni XXI əsrdə, internet yüzilliyində, sərhədlərin açıq və şəffaf olduğu bir dövrdə dövlətin əsas məqsədi bu şəraitdən istifadə edən sahibkarlar və vətəndaşlara maksimum iqtisadi azadlıqlar verməkdən ibarətdir. Yetər ki, fəaliyyətin qanuni olsun və vergini ödəyəsən. Son dəyişikliklərdə isə biz bunun tam əksini görürük” – deyən E.Allahverdiyevin sözlərinə görə, əgər indiyədək bu qaydalara əsasən ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 1500 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azad idisə, indi bu rəqəm 800 dollara salınıb.
“Təsəvvür edirsiniz, cəmi 800 dollar. Yəni bu 1500 ABŞ dolları nə böyük rəqəmdir ki, onu da endirib 800 dollara salmışıq? Aydın məsələdir ki, bu qərar güzəranını xırda biznesə bağlamış vətəndaşların dolanışığına ciddi zərbə vuracaq. Gəlin ticarəti qoyaq kənara, tutaq ki, sıravi vətəndaş xaricdən qiyməti cəmi 1000 dollar olan əşya və yaxud ailəsinə geyim alıb. Bundan gömrük rüsumu tutmaq absurd deyilmi? Gömrüklə bağlı qəbul edilən bu dəyişiklik çox ciddi yanlışlıqdır” - deyə millət vəkili təəccüblənir.
“Görəsən, Dövlət Gömrük Komitəsi bu cür təkliflər irəli sürəndə hansı “mötəbər” informasiyaya, iqtisadi təhlillərə əsaslanır, dövlət büdcəsinə nə qədər əhəmiyyətli əlavə rüsum toplamaqla töhfə verəcəyini düşünür?” - deyə sual verən deputat hesab edir ki, “iqtisadiyyatın faktiki dayandığı bir dövrdə, dövlətin işləməyən vətəndaşların və zərər görmüş sahibkarların yükünü öz üzərinə götürüb dövlət büdcəsindən vəsait xərclədiyi zamanda, öz gəlirlərinin azaldığı reallıqda ümidini bir parça çörəyə bağlamış vətəndaş üçün yaradılan, onsuz da yersiz olan məhdudiyyət heç bir məntiqə sığmır”.
Dəyişikliklərə əsasən, bundan sonra beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. Halbuki indiyə qədər bu məbləğ 1000 ABŞ dolları idi.
“Güzəşt birdən-birə 3 dəfə azaldılıb. Bunun bir izahı var görəsən? Açığı, mən bu dəyişiklikləri düşünənləri başa düşməkdə çətinlik çəkirəm. Görəsən, onların alış-veriş nöqtələrindən xəbərləri varmı? Ölkədə iri ticarət mərkəzləri bağlıdır. Fərdi qaydada işləyən mağazalara girsəniz, tutaq ki, geyim biznesi ilə məşğul olanlara, - görəcəksiniz ki, mövsümə aid bir dənə olsun yeni nümunə yoxdur.
Payız qapıdadır, satılan isə yay mallarıdır. İnsanlar bu səbəbdən üz tutublar onlayn sifarişə. Həm istədikləri tərzdə, həm də mövsümə görə sifarişlərini edirlər. İndi təqribən 500 manatdan yuxarı məbləğdə sifarişlərinə rüsum ödəməlidirlər. Məncə, bu qərar çox ciddi yanlışlıqdır” – deyə deputat bildirib. Onun sözlərinə görə, vətəndaş heç “dünyanın düz vaxtında” gömrük qaydalarından razı deyildi, indi isə narazılıq artacaq: “Bir seçicimiz müraciət edib ki, xaricdən onlayn vasitəsilə məbləği təqribən 600 manat olan bijuteriya məhsulu sifariş verib. Nə qızıldır, nə də gümüş. Adi bəzək əşyasıdır. Sifarişi gömrükdə saxlayıblar ki, bu ticarət məqsədilədir. Götürmək istəyirsinizsə, təqribən 400 manata yaxın vergisidir, özü də fiziki şəxs kimi götürə bilməzsiniz, gedin VÖEN-li bir nəfər tapıb gətirin, onun adına götürün. Nəticə etibarilə, həmin sifariş gömrükdən 2 günə, əzab-əziyyətlə çıxıb. 600 manatlıq bijuteriyaya 400 manat rüsum. Gülüncdür”.
E.Allahverdiyev hesab edir ki, bu dəyişikliyin müəllifləri gedib daşıyıcı şirkətlərin ofislərinin önündə durub, gecə saat 1-dək növbədə dayanan vətəndaşları müşahidə etsələr, gerçək vəziyyət barədə daha çox məlumat toplaya bilərlər:
“Mən bu absurd dəyişikliyi Milli Məclisdə mütləq qaldıracam. Bu dəyişiklik belə bir çətin dövrdə dövlətimizin iqtisadi siyasətinə, cənab Prezidentin müəllifi olduğu çoxşaxəli islahatların ruhuna ziddir. Məncə bu məsələyə yenidən və ədalətlə baxılmalıdır. Artıq sosial şəbəkələrdə bu yeni qərarla bağlı ciddi müzakirələr gedir və vətəndaşlar tərəfindən haqqlı narazılıqlar səslənir”.
Millət vəkili sözügedən dəyişiklikləri bir vaxtlar meşələrdən meyvə, giləmeyvə, göbələk və sair yığımlarına görə vətəndaşların haqq ödəməsi kimi qəbul olunan və sonradan ləğv edilən absurd qərarla müqayisə edərək ümid edir ki, gömrüklə bağlı yeni qərar qüvvəyə minmədən ləğv ediləcək.
Oxu.Az