“OpenSignal” analitik şirkəti müxtəlif istehsalçılara məxsus smartfonların mobil internetinin orta sürətinə həsr edilən tədqiqat aparıb. Bu göstərici üzrə qaliblər müxtəlif ölkələrdə fərqlənsə də, əksər halda (35 faiz) “Samsung” şirkəti lider olub.
İnsider.az xəbər verir ki, aprel-iyunda toplanan məlumatlara görə, “Samsung” istehsallı qurğular mobil internetlə məlumatların saniyədə 16 meqabit orta yükləmə sürətini təmin ediblər. 14 Mbit/saniyə orta yükləmə sürəti ilə ikinci yeri “Apple” və “Huawei” şirkətləri tutub.
Tədqiq edilən 40 ölkənin 17,5 faizində “Apple” smartfonları daha sürətli olub. Ölkələrin 48 faizində isə mütləq lideri müəyyənləşdirmək mümkün olmayıb və liderlik iki və ya üç şirkət arasında bölüşdürülüb.
Tədqiqatda daha çox diqqəti cəlb edən fakt isə “Apple” şirkətinin smartfonlar bazarında payının dünyada ən böyük olduğu ABŞ-da “Samsung” smartfonlarının 28 Mbit/saniyə orta mobil internet sürətini təmin etməsidir ki, bu da “Apple” qurğularından 8 meqabit çoxdur.