Altı “ən təhlükəli” kompüter virusuna yoluxdurulmuş noutbukun sərgiləndiyi hərrac bitdi.
İnsider.az layihənin saytına istinadla bildirir ki, cihaz 1,345 milyon dollara satılıb.
Xatırladaq ki, hərrac cari ilin mayın 15-i Çinli rəssam Quo O Donq (Guo O Dong) tərəfindən başlanılmışdı.
O, aksiyanı “Xaosun daimiliyi” adlandırmışdı. Rəssam cəmiyyətə zərər verə biləcək ən pis kibertəhlükələrin fiziki təzahürünü göstərmək istəyirdi. Quo o Donq 2008-ci ilin “Samsung” noutbukuna “WannaCry”, “ILOVEYOU”, “MyDoom”, “SoBig”, “DarkTequila” və “BlackEnergy” viruslarını yükləmişdi. Bu virusların vurduğu ümumi iqtisadi ziyanı rəssam 95 milyard dollar dəyərində qiymətləndirmişdi.
“ArtNet” nəşrinin qeyd etdiyinə görə, layihənin hazırlanması təxminən 110 min dollara başa gəlib.
Samirə Məmmədova