erdogan-azerbaycanla-turkiye-arasinda-imzalanan-qrant-sazisini-tesdiqleyib

Ərdoğan Azərbaycanla Türkiyə arasında imzalanan qrant sazişini təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyə arasında imzalanan qrant sazişini təsdiqləyib.

Sənəd 10 maddədən ibarətdir.

Sazişi Azərbaycan tərəfdən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Türkiyə tərəfdən isə xəzinə və maliyyə naziri Mehmet Şimşek imzalayıb.

Sənədin icrasına cavabdeh qurum olaraq Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi və Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən olunub.

Sazişə əsasən, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 250.000.000.00 TL-yə (14,111 milyon manat) qədər vəsait ayıracaq.

Məqsəd Türkiyə-Azərbaycan Beynəlxalq Meşə Təlim Mərkəzi və Tingçilik Müəssisəsi layihəsinin həyata keçirilməsinin maliyyələşdirilməsidir.

Layihənin ümumi dəyəri (Tikinti+konsaltinq) 250.000.000.00 TL-dən az olduğu halda, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi qrantdan qalan qalıq hissəni istifadə etmək hüququnu tələb etməyəcək. Qrant verən qrant məbləğini birbaşa və ya dolayı yolla aşan heç bir əlavə xərci ödəməyəcək.

Qrant çərçivəsində bütün ödənişlər və əməliyyatlar hər növ vergilərdən, rüsumlardan, xərclərdən və fond ödəmələrindən azad ediləcək.

Qrant sazişi 2025-ci ilin dekabrın 31-dək qüvvədə olacaq.

Qeyd edək ki, 2022-ci il oktyabrın 20-də Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.

Report