erdogan-istanbul-belediyye-seckilerinin-neticesini-legv-edib

Ərdoğan İstanbul bələdiyyə seçkilərinin nəticəsini LƏĞV EDİB

Türkiyə Mərkəzi Seçki Komissiyası martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul edib. 

İnsidet.az xəbər verir ki, qurumun mayın 6-da keçirilən fövqəladə iclasında hakim Ədalət və İnkişaf Partiyasının etirazı qəbul edilib. 

İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrar seçkilər iyunun 23-də keçiriləcək. 

Türkiyə Mərkəzi Seçki Komissiyasının (MSK) fövqəladə iclası başlayıb. 

Toplantıda hakim Ədalət və İnkişaf Partiyasının martın 31-də İstanbul bələdiyyəsinin sədri vəzifəsinə keçirilən seçki ilə bağlı şikayətinə baxılır. 

Hakim partiya seçkinin nəticələrinin ləğv olunmasını və yeni seçkinin keçirilməsini tələb edir. 

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri olub. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası 44,33 faiz səs toplayaraq qalib gəlib. Müxalif Cümhuriyyət Xalq Partiyası 30,12 faiz səslə ikinci yerdə qərarlaşıb. Sonrakı yerləri 7,45 faiz səslə İYİ Partiya, 7,12 faiz səslə Milliyyetçi Hərəkat Partiyası tutub. HDP 4,24 faizlə beşinci olub.

İlkin nəticələrə görə, Ədalət və İnkişaf Partiyasının İstanbul Böyük Şəhər Bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım 4 milyon 130 min 49 səs (48,48 faiz), Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu isə 4 milyon 157 min 237 səs (48,80) toplayıb.

Ədalət və İnkişaf Partiyası İstanbuldakı nəticələrə etiraz edib. Nəticədə 318 min 222 etibrasız bülletenin yenidən sayılmasına qərar verilib. Etibarsız səslərin və İstanbulun bəzi rayonlarında bülletenlərin təkrar sayılmasından sonra Ə.İmamoğlu 13 min 729 səs fərqi ilə qalib gəlib.

Son rəqəmlərə əsasən, B.Yıldırım 4 milyon 156 min 36 səs, Ə.İmamoğlu isə 4 milyon 169 min 765 səs toplayıb. Aprelin 17-də Əkrəm İmamoğlu mandatını alıb və vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasının formalaşdırdığı “Cumhur İttifaqı” 51,64 faiz, Cümhuriyyət Xalq Partiyası və İYİ Partiyanın yaratdığı "Millət İttifaqı” isə 37,57 faiz səs toplayıb.

©FED.az