“Facebook”-un “Reality Labs” şöbəsinin əməkdaşları və San-Fransiskodakı Kaliforniya universitetindən olan alimlər müəyyən ediblər ki, danışıq zamanı qeydə alınmış beyin aktivliyi tələffüz edilmiş mətnin dekodlaşdırılması üçün istifadə oluna bilər. İnsider.az şirkətin bloquna istinadla bildirir ki, işin təfərrüatları “Nature Communications” jurnalındakı məqalədə yazılıb.
Tədqiqatçılar epileksiyalı xəstələrin beyin aktivliyini yazıb, sonra sözləri real vaxt rejimində deşifrə edə biliblər. Hələ ki, istifadə olunan “beyin – kompüter” interfeysi (brain–computer interface; BCI) ancaq kiçik söz və ifadə yığımını dekodlaşdıra bilir. Gələcəkdə alimlər 17%-dən az səhv tezliyi ilə dəqiqədə 100 sözəcən dekodlaşdırma sürətinə nail olmağa ümid edirlər.
Gələcəkdə “Facebook” insanlara sözləri sadəcə öz-özünə deyərək mətni çap etməyə imkan verən və üzərində daşınması mümkün olan cihazın yaradılması üçün BCI texnologiyasını istifadə etməyi düşünür. Cihaz nitq qüsuru olan insanlara kömək edəcək.
Samirə Məmmədova