facebook-oz-messencerinde-pul-kocurme-funksiyasini-sondurecek

“Facebook” öz messencerində pul köçürmə funksiyasını söndürəcək

“Facebook” sosial şəbəkəsi 2019-cu ilin iyun ayının 15-dən etibarən öz messencerində pul köçürmə funksiyasını söndürəcək. Şirkət artıq bununla bağlı servis istifadəçilərinə bildirişlər göndərib.

İnsider.az xəbər verir ki, bu barədə öz “Twitter” səhifəsində “The Next Web”-in sosial media üzrə keçmiş direktoru Mett Navarra məlumat verib.

Məktubda “Facebook” istifadəçilərə bundan sonra dost və ailə üzvlərinə pul göndərə və onlardan göndərilən pulu ala bilməyəcəkləri barədə xəbərdarlıq edir. Bununla belə, istifadəçilər “Facebook”-da digər tranzaksiyaları, məsələn, xeyriyyə təşkilatlarına ianələrin göndərilməsini icra edə biləcəklər.

“Facebook”-un servisi bağladığını “The Inquirer” də yazır, lakin şirkət təmsilçiləri servisin bağlanma səbəblərini açıqlamayıblar.

Qeyd edək ki, “Facebook” “Messenger”-dəki pul köçürmə funksiyasını 2015-ci ildə işə salmışdı. Əvvəlcə bu funksiya ancaq ABŞ sakinləri üçün əlçatan idi, 2017-ci ildən bəri isə xidmətdən Böyük Britaniya və Fransa istifadəçiləri də yararlana bilirdilər.

Yeri gəlmişkən, pul göndərmək üçün yazışmaya başlamaq, dollar nişanının üzərinə sıxmaq, sonra isə “Ödəmək” düyməsini basaraq bank kartının məlumatlarını daxil etmək lazımdır. Funksiyanın özü ödənişsizdir. Pulların köçürülməsi bir iş günündən üç iş gününə qədər çəkə bilər.

Samirə Məmmədova