filarmoniya-tribunasina-olan-biletlerin-hamisi-satilib

Filarmoniya tribunasına olan biletlərin hamısı satılıb

28-30 aprel tarixlərində keçiriləcək 2023-cü il Formula 1 Azərbaycan Qran Prisi üçün Filarmoniya tribunasına olan biletlər tamamilə satılıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Satış və Kommersiya departamentinin rəhbəri Səbri Gülmalıyev  ilkin mərhələdə yarışa xaricdən daha çox marağın olduğunu bildirib: “Bu günə olan məlumata əsasən, ən çox bilet alan ölkələr arasında ilk üçlükdə müvafiq ardıcıllıqla Hollandiya, Böyük Britaniya və Gürcüstan yer alır. İndiyədək azarkeşlər tərəfindən ən böyük maraq 4 günlük tribuna biletlərinə göstərilib. Düşünürük ki, Bakıda ilk dəfə keçiriləcək Sprint yarışı da satışların artmasına öz təsirini göstərib”.

Hazırda biletlər 90-a yaxın ölkədən alınır və onların arasında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Avstriya, Almaniya, İrlandiya, İtaliya, İsrail, Argentina, Hindistan, Amerika Birləşmiş Ştatları, Meksika kimi ölkələrin də azarkeşləri üstünlük təşkil edir.

Qeyd edək ki, sayca yeddinci dəfə keçiriləcək ilin ən mötəbər idman yarışına biletlər dekabrın 15-dən satışdadır. Sürətsevərlər Formula 1 Azərbaycan Qran Prisini yerində canlı izləmək üçün biletləri  Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəsmi veb səhifəsindən (www.bakucitycircuit.com) və ya şəhərimizin satış nöqtələrindən əldə edə bilərlər.