formula-1-azerbaycan-qran-prisine-akkreditasiya-qeydiyyati-bitir

Formula 1 Azərbaycan Qran Prisinə akkreditasiya qeydiyyatı bitir

2023-cü il Formula 1 Azərbaycan Qran Prisinə media mənsublarının akkreditasiyasına qeydiyyatı bitmək üzrədir.

28-30 aprel 2023-cü il tarixlərində paytaxtımızda sayca yeddinci dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinə yerli media nümayəndələrinin akkreditasiyasına qeydiyyatın bitməsinə 10 gün qalır.

1 fevral tarixində başlamış qeydiyyat prosesi 10 mart 2023-cü il, saat 15:00-da yekunlaşacaq. Bu səbəbdən yarış təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) builki Azərbaycan Qran Prisini mediada işıqlandırmaq istəyən media nümayəndələrini tezliklə qeydiyyatdan keçməyə səsləyir.

Yerli media nümayəndələri BŞH-nin rəsmi veb-səhifəsini ziyarət edib buradakı müvafiq formanı dolduraraq tələb olunan sənədləri sistemə yükləyib onlayn şəkildə müraciət etməlidir. Natamam və ya 10 mart tarixindən gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

Qeyd edək ki, 2023 Formula 1 çempionatı çərçivəsində təşkil olunan bütün yarışlarda media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən aparılır. Yerli media nümayəndələrinin qeydiyyat prosesi isə BŞH tərəfindən icra olunur.

Akkreditasiya prosesi ilə əlaqədar əlavə məlumat əldə etmək istəyənlər (+994) 55 206 45 60 nömrəsinə zəng edə və ya accreditation@bakugp.az email ünvanına yaza bilərlər.