Formula 1 Azərbaycan Qran Prisinin Uniforma və Akkreditasiya Mərkəzi artıq tam gücü ilə fəaliyyətə başlayıb. Builki möhtəşəm idman tədbirinə sayılı günlər qaldığı müddətdə, yarışın keçirilməsində rolu olan əməkdaşlar, könüllülər, marşallar, təhlükəsizlik əməkdaşları və podratçı şirkətlərin nümayəndələri mərkəzə gələrək, akkreditasiya kartlarını, həmçinin uniformalarını əldə edə biləcəklər. 100-dən artıq könüllünün fəaliyyət göstərdiyi Mərkəz cari ilin 12 iyun tarixinədək fəaliyyət göstərəcək.
“Könüllülər yarışın ayrılmaz hissəsidir. Onların yarışdan öncə fəaliyyəti ilk olaraq, məhz Uniforma və Akkreditasiya Mərkəzində başlayır. Onlar mərkəzdə yüksək xidmətin göstərilməsində bilavasitə mühüm rol oynayırlar.” – deyə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İnsan Resursları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova könüllülərin fəaliyyətindən danışaraq bildirib.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisində iştirak etmək üçün cari ilin əvvəlində 8000 -dən çox namizəd qeydiyyat üçün müraciət edib. İki illik fasilədən sonra, 2022-ci il yarışı azarkeşlərin iştirakı ilə baş tutacaq. Bu isə öz növbəsində könüllü olmaq istəyənlərin sayına ciddi təsir edib. Müraciət edənlərin 1500 nəfəri yarışların təşkilinə könüllü olaraq qatılmaq fürsəti qazanıb. Həmçinin, fiziki məhdudiyyətli gənclər də “Formula-1” könüllüsü olmaqda həvəslidirlər və yarışlara qoşularaq yeni təcrübələr əldə etmək üçün qeydiyyatdan keçərək müsahibəyə qoşulublar.
Yarış əməliyyatlarına xüsusi hazırlaşan könüllülərin bilik və bacarıqlarının artırılması məqsədilə Bakı Şəhər Halqası Akademiyası tərəfindən intensiv təlimlər keçirilib. Bununla da, BŞH könüllüləri Formula 1 Azərbaycan Qran Prisi 2022 çərçivəsində insan resursları, işçi qüvvəsi, media, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər mühüm istiqamətlərdə yarışın yüksək səviyyədə təşkilində müstəsna xidmət göstərəcəklər.