formula-1-yerli-media-numayendelerinin-akkreditasiyasina-baslayib

Formula 1 yerli media nümayəndələrinin akkreditasiyasına başlayıb

2023-cü il Formula 1 Azərbaycan Qran Prisi üçün yerli media nümayəndələrinin akkreditasiyasına start verilib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 28-30 aprel 2023-cü il tarixlərində paytaxtımızda sayca yeddinci dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinə yerli media nümayəndələrinin akkreditasiyası prosesinə başlayıb.

2023 Formula 1 çempionatı çərçivəsində təşkil olunan  bütün yarışlarda media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Mangement (FOM) şirkəti tərəfindən aparılır. Yerli media nümayəndələrinin qeydiyyatı isə BŞH tərəfindən həyata keçirilir.

Qeydiyyat prosesi 1 fevral tarixində başlayıb 10 mart 2023-cü il, saat 15:00-dək davam edəcək. Formula 1 Azərbaycan Qran Prisini işıqlandırmaq istəyən yerli jurnalistlər BŞH-nin rəsmi veb-səhifəsini ziyarət edib buradakı müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yükləyərək onlayn şəkildə müraciət etməlidirlər. Qeyd edək ki, natamam və ya 10 mart tarixindən gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

BŞH-nın milli mətbuat katibi Turab Teymurov akkreditasiya ilə bağlı keçirilən seminarda jurnalistlərin suallarını cavablandırıb və onları tezliklə qeydiyyatdan keçməyə səsləyib: “Hər il olduğu kimi, bu il də yerli media təmsilçilərinin Azərbaycan Qran Prisini yüksək səviyyədə işıqlandırması üçün BŞH olaraq səylərimizi bir araya gətirmişik. Onların sayının ilbəil artması bizi sevindirən amillərdəndir və biz də öz növbəmizdə çalışırıq ki, lazımi dəstəyi göstərək. Odur ki, bütün jurnalistləri tezliklə qeydiyyatdan keçməyə dəvət edirəm. Hamınıza bu prosesdə uğurlar arzulayıram!”

Akkreditasiya prosesi ilə əlaqədar əlavə məlumat əldə etmək istəyənlər (+99455) 206 45 60 nömrəsinə zəng edə və ya accreditation@bakugp.az email ünvanına yaza bilərlər.