Azərbaycan sivilizasiyanı Dağlıq Qarabağa qaytarmaq istəyir, lakin Ermənistanın işğalçı qoşunları buna mane olur.
İnsider.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov bildirib.
“Bütün dünya Azərbaycanın necə inkişaf etməsindən danışır. Biz yaşadığımız ərazilərə həyat bəxş edirik. Ancaq ərazimizin 20 faizində Ermənistanın işğalçı qüvvələri investisiya qoymağa imkan vermir, bu isə Qarabağda yaşayan ermənilərinin Azərbaycanın digər millətləri kimi yaxşı yaşaması mane olur. Onlar Azərbaycandan investisiya almayan yeganə xalqdır. İşğalçı ordu onlara deyir ki, siz Ermənistanda yaşadığımız kimi yoxsulluq içində yaşayacaqsınız”, - deyə F.Axundov “DOJD” telekanalının canlı efirində Ermənistan Prezidenti Armen Sarkisyana cavab olaraq deyib.
Eyni zamanda Armen Sarkisyan iddia edir ki, Azərbaycan öz ərazilərini azad etməklə guya ermənilərə qarşı etnik təmizləmə həyata keçirir.
“Qarabağ ermənilərini qovmaq fikrini bizim ayağımıza yazmaq istəyirlər. İndi bizim erməni əhalisini məhv etmək, soyqırım törətmək istəməyimiz fikri yayılır. Biz sadəcə Dağlıq Qarabağa onun köklü Azərbaycan əhalisini geri qaytarmaq istəyirik. O zaman Dağlıq Qarabağ xalqından danışmaq mümkün olacaq. İndi isə Dağlıq Qarabağda yalnız azərbaycanlıları qovan ermənilər var ...
Azərbaycan tolerant ölkə olaraq monoetnik Ermənistanla və Qarabağda oturan, etnik təmizləmələr etmiş nasist rejimlə müharibə aparır”, - deyə Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri bildirib.
F. Axundov Ermənistanın beynəlxalq hüququ tanımadığını da bildirib. “Ermənistan prezidenti dedi ki, ermənilər beynəlxalq hüququn nə olduğunu bilirlər. Lakin Nikol Paşinyan onlar üçün işğal edilmiş ərazilərin olmadığını deyir, halbuki BMT TŞ qətnamələrində bu ərazilər məhz belə adlandırılır. Buna görə də indi gördüyümüz hər şey məhz Ermənistanın beynəlxalq hüququ pozmasının nəticəsidir”, - F.Axundov qeyd edib.
O, bildirib ki, Ermənistan Silahlı Qüvvələrini BMT tərəfindən işğalda olan ərazilər adlandırılan ərazilərdən qovmaqla Azərbaycan əslində eyni Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirir.
F. Axundov həmçinin “DOJD” telekanalının müxbirinin humanitar atəşkəsdən sonra Xankəndi şəhərinin artıq atəşə tutulmadığını təsdiqlədiyinə də diqqət çəkib. Bununla belə, Ermənistan Gəncə şəhərinə “Scud” raketlərindən atəş açıb, nəticədə dinc sakinlərdən 10 nəfər ölüb, onlarla yaralı var.