google-fransada-vergi-iddialarinin-helli-ucun-1-milyard-avro-odeyecek

“Google” Fransada vergi iddialarının həlli üçün 1 milyard avro ödəyəcək

ABŞ-ın “Google” şirkəti Fransa hökumətinin qaldırdığı vergi iddialarının həlli üçün 965 milyon avro ödəyəcək. Bu ödənişlərin Fransada şirkətlə bağlı 4 il davam edən araşdırmalara son qoyacağı gözlənilir.

İnsider.az “Interfax” resursuna istinadən yazır ki, Fransa prokurorluğunun məlumatına görə, “Google” Fransada verginin tam ödənilməməsi ilə bağlı iddiaların yoluna qoyulması üçün 500 milyon avro məbləğində cərimə ödəməyə razılaşıb.

Şirkət nümayəndələrinin sözlərinə görə, Fransaya əvvəlki dövrlər üçün ödənilməmiş vergilərə əlavə olaraq 465 milyon avro ödəniləcək.

Bildirilir ki, Fransa hakimiyyəti Avropa mənzil-qərargahı Dublində yerləşən “Google” şirkətini Fransada həyata keçirilmiş əməliyyatlardan əldə edilən gəlir vergisinin əksər hissəsinin İrlandiyada ödənilməsində ittiham edib.

“Google” şirkəti tərəfindən Avropa ölkələrində satışın əsas hissəsinin İrlandiya bölməsinin maliyyə hesabatlılığında qeyd olunması ilə əlaqədar verginin əksər hissəsi İrlandiyada ödənilir. Bu, beynəlxalq vergi qanunvericiliyində mövcud olan boşluqlar sayəsində mümkün olur. Fransa hökuməti nümayəndələrinin sözlərinə görə, bunun nəticəsində ölkə milyardlarla avro büdcə gəliri itkisi ilə üzləşir.

Məsələnin həlli ilə bağlı Fransa məhkəməsi tərəfindən cümə axşamı təsdiq edilən razılaşma növbəti 10 gün ərzində şirkət tərəfindən geri götürülməyəcəyi təqdirə o qüvvəyə minəcək. Razılaşmanın şərtlərinə görə, “Google” iddiaların əsaslı olduğunu etiraf etsə də, təqsirli olduğunu qəbul etməyib.

© ICTnews