Prezident İlham Əliyev VI Çağırış Milli Məclisin ilk iclasında deputatlara seçildikləri dairələrdə fəal olmağı, seçicilərlə daim təmasda olmağı tövsiyə etdi. Ölkə başçısı əvvəlki dövrlərdə bəzi deputatları misal çəkərək, onların seçicilərdən bir qədər, yaxud da ki, tamamilə uzaqlaşdıqlarını bildirdi:
“Heç öz dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar. Öz şəxsi problemlərini ortaya qoyurdular. Buna da son qoyulmalıdır. Əvvəllər belə hallar kifayət qədər çox olubdur. Öz qohumlarını vəzifələrə yerləşdirmək, hansısa torpaq sahələri əldə etmək, hansısa biznesə dəstək göstərmək və sair və ilaxır.
Mən dərinə getmək istəmirəm. Ona görə yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki bizim əsas islahatlarımızın mahiyyəti də budur. Əgər bizim vətəndaşlar yaxından baxsalar görərlər ki, siyasi sahədə, struktur islahatları, kadr islahatları, vəzifələrə gətirilən kadrlar təmizdirlər. Yəni, onların arxasında heç bir, necə deyərlər, mənfi iz yoxdur.
Milli Məclis də, onun deputatları da bu meyarlara cavab verməlidirlər. Sabah siz xalq qarşısında cavab verməli olacaqsınız. Ona görə siz seçildiyiniz dairələrin problemləri ilə daim maraqlanmalısınız, seçicilərlə görüşməlisiniz, dairələrdə olmalısınız.
Eyni zamanda, mövcud olan problemləri də üzə çıxarmalısınız. Bunları icra orqanlarının qarşısına çıxarmalısınız, mərkəzi icra orqanlarının diqqətinə çatdırmalısınız. Hesab edirəm ki, yeni tərkibdə formalaşan Milli Məclis bu sahədə də uğurlu fəaliyyət göstərəcək”.
Əldə edilən məlumata görə, bundan sonra Milli Məclisin deputatları bir ay ərzində ən azı iki dəfə olmaqla yerində seçicilərin görüşündə olacaqlar. Həmçinin, bu görüşlərin elanı veriləcək, hesabatı istəniləcək.
Beləliklə, millət vəkilinin öz seçiciləri ilə təmasda olması, onların problemlərini yerində dinləyib, ölçü götürülməsi effektiv təmin edilə bilər. Milli Məclis üzvlərinin aylıq proqramı da nəzərə alınaraq, şəxsi istəkləri ilə seçicilərlə görüş daha sıx təşkil edilə bilər.
© Modern