hikmet-haciyev-xocalida-askarlanan-kutlevi-mezarliqdan-yazib-foto

Hikmət Hacıyev Xocalıda aşkarlanan kütləvi məzarlıqdan yazıb - FOTO

“Xocalıda daha bir kütləvi məzarlıq aşkarlanıb. Bəlkə də bu, ilahi ədalətdir ki, 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımının növbəti ildönümündə bu adsız və günahsız mülki qurbanların qalıqları tapıldı”.

Bu sözləri özünün “X” səhifəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.

H.Hacıyev qeyd edib ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) basdırılan kütləvi insan qalıqlarının kimliyi DNT analizi ilə müəyyən ediləcək.

“Ermənistanın hərbi təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşmüş hesab olunur. Ermənistan kütləvi şəkildə qətlə yetirilən azərbaycanlıların dəfn olunduğu belə kütləvi məzarlıqların yeri barədə məlumat verməkdən imtina edir. Bir dövlətin beynəlxalq hüquqa zidd olan hər bir hərəkəti beynəlxalq hüquqa uyğun olaraq həmin dövlətin beynəlxalq məsuliyyətinə əsas verir. Ermənistan Respublikası Xocalı soyqırımına və Azərbaycana qarşı törədilmiş digər qanunsuz hərəkətlərə görə dövlət məsuliyyətini daşıyır.

Ermənistan Respublikası 30 illik hərbi işğala və xüsusilə də Xocalı soyqırımına görə Azərbaycan xalqından və dövlətindən hələ də üzr istəməyib” - H.Hacıyev qeyd edib.