“Honor” brendinin sahibi olan “Huawei” şirkəti iki yeni smartfonunu (“Honor 9x” və “9x Pro”) təqdim edib.
İnsider.az xəbər verir ki, yeni modellər istiliyin yayılması üçün maye soyutma texnologiyasına malik 7 nanometrlik “Kirin 810” prosessoru ilə təchiz edilib. Bundan başqa, “LTE” şəbəkələri, “Wi-Fi” (802.11ac), “Bluetooth 5.0”, “GPS”, “USB-C” və qulaqlıqlar üçün 3,5 mm-lik audio çıxışla təchiz edilib. Kənar hissəsində barmaq izləri skaneri quraşdırılıb. Hər iki qurğuya “Android 9 Pie” sisteminə əsaslanan “EMUI 9.1.1” interfeysi quraşdırılıb.
“Honor 9X” smartfonu FULL HD təsvir ölçülü IPS matrisə malik 6,59 düymlük maye kristal ekran, 6 QB-dək əməli yaddaş və 128 QB daxili yaddaş, 4000 milliamper/saat tutumlu batareya ilə təchiz edilib. Korpusdan çıxan ön kameranın təsvir ölçüsü 16 mp-dir. 2 əsas kamera (f/1,8 aperturalı 48 mp-lik sensor və 2 mp-lik dərinlik sensoru) quraşdırılıb.
“Honor 9x Pro” smartfonu 8 QB-dək yaddaş, tutumu 256 QB-dək (UFS 2.1) fləş daşıyıcı və üç kamera (əsas 48 mp-lik, super geniş bucaqlı 8 mp-lik obyektiv və 2 mp-lik dərinlik effektlərinin yaradılması üçün sensor) ilə təchiz edilib. Digər xüsusiyyətlər əvvəlki modeldə olduğu kimidir.