huawei-ve-abs-hakimiyyeti-arasindaki-qarsidurmanin-qisa-xronikasi

“Huawei” və ABŞ hakimiyyəti arasındakı qarşıdurmanın qısa xronikası

2018-ci ilin avqustunda ABŞ dövlət qurumlarının əməkdaşlarına və podradçılarına çin istehsalçılarının cihazlarını istifadə etməyi qadağan edib. Qanun “Huawei” və “ZTE” kimi şirkətlərə aid edilib. “Huawei” qadağaya etiraz edib.

İnsider.az “Huawei” və ABŞ hakimiyyəti arasındakı qarşıdurmanın qısa xronikasını təqdim edir.

Ötən ilin dekabrında ABŞ-ın sorğusu ilə Kanada höküməti “Huawei”-in maliyyə direktoru Men Vançjounu həbs edib. O, Amerika sanksiyalarına baxmayaraq, İranla sövdələşmələrdə şübhəli bilinirdi.

Cari ilin yanvar ayında ABŞ ədliyyə nazirliyi “Huawei”-i sənaye casusluğunda, texnologiya oğurluğunda və bank dələduzluğunda ittiham edirdi. Şirkət ittihamları təkzib edir.

2019-cu ilin mayın 16-sı ABŞ ticarət nazirliyi “Huawei”-i qara siyahıya salıb və çin smartfon istehsalçısına ABŞ hökümətinin icazəsi olmadan amerikan şirkətlərinin avadanlığını və proqram təminatını almağı qadağa edib.

Mayın 19-da isə “Reuters”-in mənbələri bildirdilər ki, “Huawei”-lə çin istehsalçısına “Android” əməliyyat sistemi və “Google” istifadəçi servisləri (“Google” tətbiqi, “Chrome” brauzeri, “Play Market”, “YouTube” xəritələr və sair) daxil proqram və aparat tərtiblərini təqdim edən “Google” əməkdaşlıqdan imtina edib.

“Google”-un ardınca “Huawei”-lə əməkdaşlığı digər şirkətlər də dayandırıb. Onların arasında çip istehsalçıları olan “Intel”, “Qualcomm”, “Xilinx” və “Broadcom” var.

“Huawei”-də “Android”-in taleyi necə olacaq?

Şirkət "Android" və amerikan çiplərinin alternativi üzərində çalışır, lakin ekspertlər hələ ki onun perspektivlərindən əmin deyil.

“Google” bildirib ki, vəziyyət “Huawei”-in artıq buraxılmış smartfon və planşetlərinə təsir etməyəcək. Onların sahibləri bundan sonra da “Google Play” üzərindən tətbiqləri yükləyə və yeniləyə, axtarış, xəritələr, “Gmail” və “Assistant” daxil digər servislərdən faydalana bilərlər.

“Huawei” söz verdi ki, “Huawei” cihazının və “Honor” altbrendinin istifadəçiləri təhlükəsizlik sistemləri üçün yenilənmələri əldə edəcəklər. Bu, artıq istifadə edilən və ya dünya bazarında olan smartfon və planşetlərə aiddir.

“Huawei”-in gələcəkdə buraxılacaq cihazlarının aqibətinin necə olacağına tərəflər hələ heç bir açıqlama etməyiblər. Həmçinin “Huawei” smartfonlarının 2019-cu ilin avqustunda çıxacaq son “Android Q” versiyasının da necə satılacağı məlum deyil.

“Reuters”-in mənbələri deyirlər ki, “Huawei” ancaq “Android”-in ilkin açıq kodlu versiyasını (Android Open Source Project) istifadə edə biləcək. Bu versiyada “Play Store”, “Chrome”, “YouTube”, “Gmail” və digər “Google” servislərinə giriş yoxdur.

“Huawei” “Samsung”-dan sonra dünyada ikinci ən iri smartfon təchizatçısıdır. “Canalys” analitik şirkətinin dəyərləndirməsinə görə, cari ilin ilk rübündə “Huawei” 59,1 milyon smartfon çıxararaq dünya bazarının 18,8%-ni tutub.

Ehtiyat planı kimi fərdi əməliyyat sistemi

“Huawei” bu cür ssenariyə hazırlaşırdı. Cari ilin mart ayında şirkət “Google” və “Microsoft” platformalarını daha istifadə edə bilməyəcəyi halda, smartfon və kompüterlər üçün fərdi əməliyyat sistemini tərtib etdiyini bildirib. “Windows” tərtibatçısı hələ ki “Huawei”-lə bundan sonrakı işi ilə bağlı öz planlarını açıqlamayıb.

Fərdi əməliyyat sistemlərinin detallarını “Huawei” açıqlamır. “Counterpoint Research”-ün araşdırmalar üzrə direktoru Nil Şah düşünür ki, çox güman, şirkət “Google Play”-ə girişi olmadığına görə “Android” üçün kənar tətbiq mağazalardan istifadə etməli olacaq.

“Intel” və digərlərindən olan çiplərə alternativ

Smartfon və şəbəkə avadanlığı istehsalı zamanı “Huawei”, şirkətin “blokadasına” qoşulmuş olan “Intel”, “Broadcom” və “Xilinx” çiplərini istifadə edir. Bu şirkətlərlə ticarətə qoyulan məhdudiyyətlərdən sonra “Huawei” fərdi çiplərini istifadə edə bilər, onların istehsalı ilə isə şirkətin törəmə strukturu olan “HiSilicon” məşğul olur.

“Huawei” “Mate” seriyasının smartfonlarında “HiSilicon”-dan olan “Kirin” çiplərini artıq istifadə edir. Mayın 17-i “HiSilicon”-un rəhbəri Xe Tinbo əməkdaşlara bildirdi ki, şirkət “ekstremal ssenariyə” hazırdır və lazımi komponentlərin sabit təchizatını təmin etməyə qadirdir.

Çinli istehsalçı hesab edir ki, “HiSilicon”-dən olan çiplər bir zaman amerikan təchizatçılarının komponentlərini tamamilə əvəzləyəcək. Lakin “Reuters”-in sorğuladığı ekspertlər tərtibat çətinliyinə görə yaxın illərdə “Huawei”-in tamamilə fərdi çiplərinə keçə biləcəyinə tərəddüd edirlər.

Ötən il “HiSilicon” 7,5 milyard dollardan çox məbləğə çip buraxıb. Xarici təchizatçılardan isə “Huawei” 21 milyard dollarlıq çip satın alıb.

“Bloomberg”-in mənbələri deyir ki, “Huawei”-in ən azı üç aya çatacaq komponent ehtiyatı var. Agentliyin həmsöhbətçilərinin sözlərinə görə, şirkət ehtiyatı 2018-ci ilin ortalarından hazırlayıb. Onlar əlavə olaraq izah edirlər ki, “Huawei” rəhbərliyi üç aya ABŞ və Çinin ticari müharibədə kompromisə gələ biləcəklərinə və satınalmalara olan məhdudiyyətlərin aradan qalxacağına bel bağlayıb. Sorğu keçirilən “Bloomberg” analitikləri xəbərdarlıq edir ki, bunun baş tutmadığı təqdirdə, qadağa “Huawei”-in biznesinə zərbə endirməklə yanaşı, həmçinin bütün dünya üzrə 5G-nin genişləndirilməsini ləngidə bilər.

Samirə Məmmədova