Nazirlər Kabinetinin 29 mart tarixli qərarı ilə zavod buraxılış tarixi 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsinə qadağa ilə bağlı daha bir məqama aydınlıq gəlib.
Belə ki, xarici ölkələrdə sifariş olunub, ancaq Azərbaycana hələ gətirilib çıxarılmayan avtomobillər var və onların müəyyən qismi verilən bir aylıq möhlət müddətində ölkəyə gəlib çıxmaya bilər.
Bununla bağlı Dövlət Gömrük Komitəsi açıqlama yayıb.
Açıqlamada qeyd olunur ki, 2023-cü il 29 mart tarixinədək (29 mart tarixi də daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulub.
14:00
Nazirlər Kabinetinin 29 mart tarixli qərarı ilə artıq zavod buraxılış tarixi 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsi məhdudlaşdırılacaq. Bir aydan sonra qərar qüvvəyə minir.
Bir çox şəxslər avtomobillərini artıq sifariş edib və onların gətirilməsi qərarın qüvvəyə minəcəyi tarixdən sonra olacaq.
Bəs onlarla bağlı hansı addım atılacaq?
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AzVision.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qərarın imzalandığı 29 mart tarixinə qədər (29 mart daxil olmaqla) maşınlarını sifariş edib, ödənişlərini edənlərə güzəşt ediləcək.
“Onların sifariş etdikləri avtomobillər Azərbaycana buraxılacaq. Qərarın geriyə qüvvəsi yoxdur. Qərar 29 martdan sonrakı hadisələrə şamil olunur. 29 mart daxil olmaqla sifariş olunan və ödəniş olunan avtomobillər Azərbaycana buraxılacaq”.