Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təbrik məktubu göndərib.
İnsider.az xəbər verir ki, təbrik məktubunda deyilir:
“4 İyul – Müstəqillik Günü münasibətilə Sizi və dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
30 ilə yaxındır ki, Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında uğurlu əməkdaşlıq münasibətləri mövcuddur. Bu illər ərzində ABŞ şirkətləri ölkəmizdə enerji sektorunun, informasiya-kommunikasiya texnologiyalarının və digər vacib sahələrin inkişafında mühüm rol oynayıblar.
Eyni zamanda, beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi və terrorizmlə mübarizə sahəsində də ölkələrimiz nümunəvi əməkdaşlıq əlaqələri qurublar. Əminəm ki, Azərbaycan-ABŞ dostluq və tərəfdaşlıq münasibətləri birgə səylərimizlə bundan sonra daha da genişlənəcək.
Ümid edirik ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Amerika Birləşmiş Ştatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktının prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində tezliklə ədalətli həlli istiqamətində səylərini daha da artıracaq.
Dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi bu çətin zamanda Azərbaycan xalqının Amerika xalqı ilə həmrəy olduğunu bir daha qeyd etmək istəyirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Amerika Birləşmiş Ştatlarına daim rifah arzulayıram”.
AZERTAC