ilham-eliyev-dunyanin-en-boyuk-enerji-sirketleri-ile-danisiqlar-aparilir

İlham Əliyev: Dünyanın ən böyük enerji şirkətləri ilə danışıqlar aparılır

“Bu gün dünyanın ən böyük enerji şirkətləri Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərir və artıq bu maraq reallaşır. İlin əvvəlində iki böyük beynəlxalq şirkətlə 440 meqavat generasiya gücü olan Günəş və külək elektrik stansiyalarının tikintisi ilə əlaqədar müvafiq sənədlər imzalanmışdır. Ümid edirəm ki, ilin sonuna qədər bütün sənədlərin imzalanması başa çatacaq və stansiyaların tikintisinə start veriləcək”.

İnsider.az xəbər verir ki, bunu Prezident İlham Əliyev 1 000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanış olarkən və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyarkən deyib.

“Azərbaycanda 440 meqavat gücündə bərpaolunan enerji növlərinin yaradılması, özü də Azərbaycan dövləti tərəfindən bir manat vəsait qoyulmadan reallaşdırılması bizə olan inamın təzahürüdür, həmçinin Azərbaycanın sabit gələcəyinə, inkişafına olan inamın təzahürüdür. Onu da bildirməliyəm ki, hazırda bizim Energetika Nazirliyi dünyanın bir neçə ən böyük enerji şirkəti ilə danışıqlar aparır. Biz bu şirkətlərlə bərpaolunan yeni Günəş və külək elektrik stansiyalarının tikintisi ilə əlaqədar danışıqları apararkən hesab edirik ki, istədiyimizə nail olacağıq və xarici investisiyalar bu sahəyə daha böyük həcmdə gələcək”, - deyə o, qeyd edib.

“Eyni zamanda, yerli və xarici şirkətlərə bildirmək istərdim ki, biz ənənəvi enerji növlərinin istehsalı ilə əlaqədar işlərimizi davam etdirmək əzmindəyik. Biz xarici və yerli investorları istilik elektrik stansiyalarının tikintisinə dəvət edirik. O cümlədən onları su elektrik stansiyalarının və digər bərpaolunan enerji stansiyalarının tikintisinə cəlb etmək istəyirik. Əgər belə maraq olarsa, hesab edirəm ki, qısa müddət ərzində bu məsələ öz həllini tapa bilər. Çünki bu gün Azərbaycanda investisiya qoyuluşu sayəsində çox böyük işlər görülür, Azərbaycanda biznes mühiti yaxşılaşır. “Doing Business” proqramında biz tarixi nailiyyətlərə çata bilmişik. Dünya Bankı tərəfindən hazırlanan bu reytinq cədvəlində Azərbaycan artıq qabaqcıl yerlərdədir. Eyni zamanda, biz dayanıqlı inkişaf baxımından çox böyük irəliləyişə nail ola bilmişik. BMT-nin Dayanıqlı İnkişaf İndeksinə görə, biz ildən-ilə mövqeyimizi yaxşılaşdırırıq. Ona görə Azərbaycan bu gün xarici sərmayələr üçün çox cəlbedici ölkə olaraq qalır və bu sahə - elektroenergetika sahəsi hesab edirəm ki, çox böyük maraq doğurur və artıq həyat bunu təsdiqləyir”, - deyə İ.Əliyev əlavə edib.

Onun sözlərinə görə, bu gün tam əminliklə demək olar ki, ölkəmizin elektroenergetika sahəsi öz sürətli inkişaf dövrünü yaşayır və bu, bizim inkişafımızın əsas şərtidir: “Çünki hər bir ölkənin iqtisadiyyatı üçün elektroenergetika sahəsi başlıca rol oynayır. Bu sahə inkişaf etməsə, heç bir başqa sahə inkişaf edə bilməz. Ona görə kompleks tədbirlər nəticəsində elektrik stansiyalarının inşası, xarici investorların Azərbaycana gəlişi, yarımstansiyalarda aparılan təmir-bərpa işləri və yeni yarımstansiyaların tikintisi, ötürücü xətlərin təmiri və yeni xətlərin çəkilişi, qonşu ölkələrlə yüksəkgərginlikli elektrik xətlərinin tikintisi və artıq regional əməkdaşlıq üçün zəminin yaradılması da çox önəmlidir. Biz Türkiyə, Gürcüstan, Rusiya və İranla bu sahədə çox uğurlu əməkdaşlıq edirik. Biz artıq yaradılmış enerji dəhlizləri ilə öz elektrik enerjimizi ixrac edə bilirik”.

“Əlbəttə, əvvəlki illərin mənzərəsi yada düşəndə bir daha görürük ki, bu sahədə tarixi işlər görülüb. Çünki vaxtilə biz idxaldan tam asılı idik. Bizim yeganə generasiya mənbəyimiz olan “Mingəçevir” İstilik Elektrik Stansiyası çox bərbad vəziyyətdə idi. Ona görə bu sahə inkişaf etmədən heç bir inkişafdan söhbət gedə bilməzdi və biz buna nail ola bilmişik.

Onu da bildirməliyəm ki, bu sahədə görülmüş işlər beynəlxalq qurumlar tərəfindən də qiymətləndirilir. Təkcə bir rəqəmi deyə bilərəm ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycan elektrik enerjisinin əlçatanlıq indeksinə görə dünyada ikinci yerdədir. Təkcə bunu demək kifayətdir ki, biz bu sahədə əldə edilmiş bütün uğurları əhatə edək və bu, doğrudan da tarixi nailiyyətdir. Dünya miqyasında ikinci yerdə olmaq özlüyündə böyük tarixi nailiyyətdir, xüsusilə infrastruktur layihələrinin ən vacib olan sahəsində - elektroenergetika sahəsində”.