ilham-eliyev-karantin-rejimi-uzadilacaq

İlham Əliyev: Karantin rejimi uzadılacaq

"Bu günə qədər həm məhdudlaşdırıcı tədbirlərin görülməsi, mərhələ-mərhələ bu tədbirlərin sərtləşdirilməsi, eyni zamanda pandemiyadan ziyan çəkmiş sahələrdə çalışan insanların sosial müdafiəsinin təmin edilməsi, hesab edirəm ki, bizim düzgün siyasətimizi əks etdirir".

İnsider.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda çıxışı zamanı deyib.

"Statistikada müsbət dinamika olsa da, biz bundan sonra da vəziyyəti nəzarətdə saxlayacağıq. Görəcəyik ki, bu dinamika nə qədər çəkəcək, bu dinamika davamlıdır yoxsa yox. Və hansı əlavə tədbirlər görülməlidir.

Karantin rejimi aprelin 20-nə qədər nəzərdə tutulurdu. Ancaq mütəxəssislərin vahid fikrinə görə karantin rejimi uzadılmalıdır. Hesab edirəm ki, bu, düzgün addım olacaq, çünki müsbət dinamika hələ ki ilk təzahürlərini göstərməkdədir. Biz bu dinamikanı dayanıqlı etməliyik. Ona görə Operativ Qərargah yaxın vaxtlarda bu məsələ ilə bağlı məlumat verəcək. Karantin rejiminin uzadılması yeganə düzgün qərardır, - dövlət başçısı əlavə edib.

***

Aprelin 17-də Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında iclas keçirib.

Prezident çıxışı zamanı karantin rejiminin uzadılacağını bildirib.

AZƏRTAC