ilham-eliyev-pakistanin-yeni-teyin-olunmus-sefirinin-etimadnamesini-qebul-edib-yenilenib-foto

İlham Əliyev Pakistanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısını salamlayan səfir Bilal Haye: Zati-aliləri cənab Prezident, mən Sizə Pakistanın Prezidenti və Baş Nazirinin salamlarını çatdırıram. Qardaş Azərbaycan xalqının Pakistan xalqı üçün xüsusi yeri var. Sizin də bildiyiniz kimi, Pakistan qardaş Azərbaycan xalqını Dağlıq Qarabağ məsələsində həmişə dəstəkləmişdir. Bizim qəlbimiz Azərbaycan xalqı ilədir. Cənab Prezident, rəhbərliyimiz tərəfindən mənə Azərbaycanla iqtisadi əməkdaşlığın dərinləşməsi, müdafiə sahəsində münasibətlərin gücləndirilməsi və iki ölkə xalqlarının daha da yaxınlaşdırılması istiqamətində çalışmaq tapşırılmışdır. Sizi əmin edirəm ki, bu vəzifələrin yerinə yetirilməsi üçün əlimdən gələni edəcəyəm. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Xoş gəlmisiniz cənab səfir. Sizi görməyə çox şadam. Sizə ölkəmizdə yaxşı vaxt keçirməyi arzu edirəm. Əvvəla mən də sizdən ölkənizin Prezidentinə və Baş Nazirinə ən xoş salamlarımı çatdırmağınızı xahiş etmək istəyirəm. Onlarla görüşlərimi xatırlayıram. Cənab Prezidentlə bir neçə dəfə görüşmüşəm. Onunla son görüşümüzü və onun Bakıda keçirilmiş Qoşulmama Hərəkatının sammitində fəal iştirakını xatırlayıram. Davosda Dünya İqtisadi Forumunda cənab Baş Nazirlə də görüşüm xatirimdədir. Biz ölkələrimiz arasında strateji münasibətləri, qardaş münasibətlərini bir daha təsdiqlədik. Sizin də qeyd etdiyiniz kimi, Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı ölkənizin Azərbaycana davamlı dəstəyinə görə sizə minnətdarıq.

Bildiyiniz kimi, Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir. Bu qarşılıqlı dəstək bizim əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. Əminəm ki, Azərbaycandakı fəaliyyətiniz zamanı ölkələrimiz arasında münasibətlər daha da güclənəcək. Sizin də qeyd etdiyiniz kimi, ikitərəfli əlaqələrdə siyasi sahədən əlavə biz iqtisadi məsələlər üzərində diqqətimizi cəmləşdirməliyik. Hesab edirəm ki, qarşılıqlı ticarəti stimullaşdırmaq və investisiyalar sahəsində daha fəal münasibətləri qurmaq üçün böyük potensial mövcuddur. Biz Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarıq. Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayişidir. Bütün hallarda Pakistan həmişə bizim yanımızdadır və mən buna görə minnətdaram. Sizdən ölkənizin Xarici İşlər nazirinə mənim minnətdarlığımı çatdırmağınızı xahiş etmək istəyirəm. Bildiyiniz kimi, Pakistanın Xarici İşlər naziri bu yaxınlarda Ermənistanın ölkəmizə qarşı təxribatı ilə bağlı bəyanat vermişdir. Bu bəyanat bizim haqq işimizi tam dəstəkləyir. Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribata başladı. Bu da onların işğalçı siyasətinin davamıdır. Keçən ay biz Ermənistan tərəfindən çox kəskin təcavüz aktlarını müşahidə etdik. İyul ayında baş verənlər beynəlxalq ictimaiyyətə yaxşı məlumdur və hər kəs bilir ki, Tovuz rayonunda Ermənistan-Azərbaycan dövlət sərhədində bizim kəndlərimizi və hərbi mövqelərimizi atəşə tutan Ermənistan olmuşdur. Bunun nəticəsində bir mülki şəxs öldürülmüşdür. Azərbaycan Ordusu cavab tədbiri görməli idi. Biz onlara adekvat cavab verdik. Onların müdafiə nazirinin əvvəl bəyan etdiyi kimi, yeni əraziləri işğal etmək planları uğursuzluğa düçar oldu. Azərbaycan Ordusu bir daha öz gücünü nümayiş etdirdi və erməni ordusu təxribatı dayandırmaq və etdiklərindən peşmançılıq keçirmək məcburiyyətində qaldı. Lakin əfsuslar ki, onların işğalçı və Azərbaycanofobiya siyasəti davam edir. Keçən ay, avqustun 23-də onlar ordumuz tərəfindən yaxalanan diversiya qrupu göndərdilər. Diversiya qrupunun başçısı yaxanlanmışdır və o, ifadələrində əsas hədəfin mülki şəxslərə hücum etmək, terror aktları törətmək və hərbi qulluqçularımıza hücum etməkdən ibarət olduğunu bildirdi. Biz onların müharibəyə hazırlaşdığını gördük. Mənim qeydlərim, bəyanatlarım, müsahibələrim və yeni təcavüzdən bir neçə gün öncə BMT Baş Assambleyasında çıxışım Ermənistanın dayandırılması barədə beynəlxalq ictimaiyyət üçün həmişə siqnal idi. Mən Ermənistanın açıq-aşkar yeni müharibəyə hazırlaşdığını və dayandırılmalı olduğunu dedim və bu, baş verdi. Sentyabrın 27-də onlar müxtəlif istiqamətlərdən bizim kəndlərimizə, hərbi mövqelərimizə hücum etməyə başladılar və bu iki gündə bizim mülki şəxslər arasında itkilərimiz olub. Əfsuslar olsun ki, mülki şəxslər arasında itkilərin sayı artmaqdadır. Bu ana kimi Ermənistan silahlı qüvvələri tərəfindən 10 mülki şəxs, o cümlədən aralarında iki uşaq olan 5 nəfərdən ibarət bir ailə öldürülüb. Mülki şəxslər arasında 20-dən çox yaralı var. Bu, bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir. Bu dəfə biz onlara növbəti dərs verəcəyik. Biz onlara artıq dərs vermişik və bu proses davam edəcək. Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı. İşğal altındakı bəzi ərazilər əks-hücum nəticəsinə azad edilmişdir. Azad edilmiş bu ərazilərə Azərbaycan bayrağı sancıldı. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı davam edir. Biz öz torpağımızda döyüşürük. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanın uzun illər ərzində təcavüzü və işğalı nəinki bütün infrastrukturun dağılmasına gətirib çıxarıb, Xocalı soyqırımından başqa, onlar mədəni soyqırımı da törədiblər. Onlar mədəni soyqırımı törədiblər. Onlar bizim tarixi abidələrimizi dağıdıblar, bizim məscidlərimizi dağıdıblar. Onlar tərəfindən hələ dağıdılmayan məscidlər heyvan saxlamaq üçün istifadə edilir. Onlar bütün müsəlman dünyasını təhqir edirlər. Hansı rejimin hakimiyyətdə olmasından asılı olmayaraq onların islamofobiya və Azərbaycanofobiya siyasəti artıq Ermənistanın rəsmi ideologiyasına çevrilib. İki il bundan öncə əvvəlki hökumətin cinayətkar rejimi devrildi. Ümidlər var idi ki, yeni hökumət düşmənçiliyə son qoyacaq, nifrətə son qoyacaq. Əfsuslar olsun ki, yeni hökumət eyni yolla gedir. Paşinyanın diktator rejimi regionda sülh və təhlükəsizliyə təhdiddir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Paşinyan rejiminin etdiklərinə göz yumur. Diktatorluq artıq Ermənistanda rəsmi siyasətə çevrilib. Əsas müxalifət partiyasının lideri bu yaxınlarda həbs olunub. İki sabiq prezident barəsində cinayət araşdırmaları aparılır. Həbslər olub. Jurnalistlər həbsxanada ölür. Siyasi müxalifət sıxışdırılır. Paşinyan Ermənistanın yeni diktatorudur. Lakin əfsuslar olsun ki, özünü həbsxanada əziyyət çəkən insanların müdafiəçisi kimi göstərən insan haqları təşkilatları reaksiya vermir. Bu, ikili standartların nümayişidir. Ermənistanın diktator rejimi dayandırılmalıdır və əgər beynəlxalq ictimaiyyət onları dayandırmasa, Azərbaycan onları dayandıracaq. Əgər beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala dözürsə, əgər danışıqlara şərait yaratmaq üçün mandatı olan ölkələr öz məqsədlərinə çata bilmirlərsə, heç Ermənistan onların bəyanatlarına məhəl qoymur. Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə bəyanatlarla çıxış ediblər, Ermənistan buna məhəl qoymur və bu üç ölkəyə hörmətsizlik nümayiş etdirir. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi var. Ermənistan demək olar ki, 30 ildir bu qətnamələrə məhəl qoymur və indi onların müdafiə naziri deyir ki, Azərbaycana qarşı, yeni ərazilər uğrunda yeni müharibə olacaq. Baş nazir deyir ki, Qarabağ Ermənistandır. O, göstərir ki, təkcə ölkə daxilində və beynəlxalq səviyyədə yalançı deyil, onun yalançı olması faktı bütün erməni xalqına yaxşı məlumdur. O, hər gün yalan danışır. Düşünürəm, o, yalan danışmaqdan dayana bilmir. Lakin Qarabağın Ermənistan olduğunu demək çirkin yalanın növbəti hissəsidir. Sonra o deyir ki, Azərbaycan Dağlıq Qarabağın marionet rejimi ilə danışıqlar aparmalıdır, bu isə danışıqların formatının dəyişməsi deməkdir. Sonra o, Livandan gələn ermənilərin işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşmasını bəyan edir. Onlar işğal olunmuş ərazilərdə hərbi təlim təşkil edirlər. Onlar Dağlıq Qarabağdakı cinayətkar rejimin saxta liderinin qondarma andiçmə mərasimini Azərbaycanın qədim şəhəri olan Şuşada təşkil edirlər. Dağlıq Qarabağın cinayətkar xuntasının qondarma parlamentini Şuşaya köçürməyi qərara alırlar və düşünürlər ki, biz buna dözəcəyik. Bu, Azərbaycan xalqının hisslərinin birbaşa təhqir olunmasıdır. Biz heç vaxt bununla razılaşmayacağıq və onlara yerlərini göstərəcəyik. Əgər beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan onları dayandıracaq. Azərbaycan onlara yerini göstərəcək və öz ərazi bütövlüyünü bərpa edəcək.

Mən bir daha Pakistandakı qardaşlarımıza minnətdarlığımı bildirmək istərdim. Biz bu dəstəyi hiss edirik. Biz əməkdaşlığımızın bütün illəri boyunca bu dəstəyi hiss edirik. Siz də təsəvvürünüzə gətirə bilərsiniz ki, bu mühüm məqamda yanınızda kimin durması aydın görünür. Biz görürük ki, bu gün bizim yanımızda olanlar öz mövqelərini açıq şəkildə ifadə edən ölkələrdir - qardaş Türkiyə və qardaş Pakistan. Türkiyə Prezidenti, qardaşım Ermənistan-Azərbaycan münaqişəsi məsələsi ilə bağlı çox qətiyyətli mövqeyini dəfələrlə ifadə edib və Ermənistanın təcavüzü zamanı o, bir neçə dəfə açıq şəkildə bəyanat verib ki, Türkiyə bizim yanımızdadır, Azərbaycan tək deyil. Mən qardaşıma, bütün türk qardaşlarımıza, Türkiyənin bütün liderlərinə minnətdaram! Türkiyənin bütün aparıcı siyasi partiyaları da Azərbaycana dəstək olaraq yekdil mövqe ifadə etdilər. Biz onlara minnətdarıq. Biz, həmçinin bu mühüm məqamda bizim yanımızda olmaqla qəti mövqe nümayiş etdirən Pakistandakı qardaşlarımıza minnətdarıq. Bu, necə deyərlər, həqiqət anıdır. Biz kimin kim olduğunu görürük, kimin bizim yanımızda möhkəm dayandığını görürük və bunu heç vaxt unutmayacağıq. Cənab səfir, bir daha Prezidentə, Baş Nazirə, Xarici İşlər nazirinə, Pakistandakı bütün qardaşlarımıza təşəkkürümü çatdırın. Bizim dostluğumuz və qardaşlığımız davam edəcək.

Səfir Bilal Haye: Cənab Prezident, icazə verin vaxt ayırdığınıza görə Sizə bir daha təşəkkürümü bildirim. Sizə məlumat vermək istəyirəm ki, bu gün Qoşulmama Hərəkatının nazirlər səviyyəsində toplantısında çıxışı zamanı Xarici İşlər nazirimiz Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın haqq işinə Pakistanın dəstəyini bir daha ifadə edəcək. Biz bildirmək istəyirik ki, sizin mövqeyiniz ədalətli, qanunidir və bu məsələnin həlli qeyri-müəyyən müddətə təxirə salına bilməz, çünki bu, ədalətli mövqedir. Biz Qarabağ Azərbaycandır! deməkdən çox xoşbəxtik.

Prezident İlham Əliyev: Çox sağ olun.

10:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.