Avqustun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya meşə tipli yeni parkda yaradılacaq şərait barədə məlumat verən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dedi:
Möhtərəm cənab Prezident. Çox hörmətli Mehriban xanım.
Cənab Prezident, Sizin tapşırığınıza uyğun olaraq meşə tipli yeni parkın layihəsi hazırlanıb. Layihə Sizə bu gün təqdim olunur. Layihə dörd hektar ərazini əhatə edir. Cənab Prezident, vaxtilə bu ərazi bəzi adamlar tərəfindən zəbt olunmuşdu və onlar bunu hissə-hissə satmaq niyyətində idilər. Siz müdaxilə edəndən sonra bu proses dayandırıldı və bu torpaqlar dövlət fonduna qaytarıldı.
İcazənizlə, ilk növbədə, bu ərazidə yaşayan sakinlərin xahişlərinə əsasən onların adından Sizə dərin minnətdarlığımızı bildirək.
Möhtərəm cənab Prezident, park şərti olaraq bir neçə zonaya bölünüb. Meşə zonası parkın ərazisinin demək olar ki, 70 faizini əhatə edir. Bundan əlavə, uşaq meydançası, fitnes və kafe zonaları da var. Parka altı giriş nəzərdə tutulub və əsas girişin qarşısında avtodayanacaq təşkil ediləcək. Burada hansı ağacların, bitkilərin əkilməsi barədə xüsusi proqram hazırlanır və Sizə təqdim olunacaqdır.
Eyni zamanda, parkın ərazisində kiçik memarlıq formalarından istifadə etmək üçün memarlar tərəfindən bəzi təkliflər hazırlanır.
Prezident İlham Əliyev: Çox yaxşı. Mən buraya bir müddət bundan əvvəl yerüstü keçidin açılışında iştirak etmək üçün gəlmişdim və o vaxt göstəriş verdim ki, burada yerləşən bu binalar əsaslı şəkildə təmir olunsun. Çünki gördüm ki, bu binalar artıq köhnəlib, həmçinin xarici görünüşü heç bir standarta uyğun gəlmir. Maraqlandım, bu binaların içi də çox bərbad vəziyyətdədir. Ona görə binaların kompleks şəkildə təmir edilməsi ilə bağlı müvafiq göstəriş verdim. Eyni zamanda, o vaxt məlumat aldım ki, burada böyük bir sahə var, artıq hasarlanıb, hissələrə bölünüb və satışa çıxarılır. Maraqlandım, məlumat verdilər ki, bu, kim tərəfindən zəbt olunub, bunun heç sənədləri də yoxdur. Ona görə dərhal göstəriş verdim ki, bu qanunsuzluqlara yol verən insanlar müəyyən edilsin, onlar məsuliyyətə cəlb olunsun, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin.
O vaxt şərtlərdən biri də o idi ki, bu parkda insanların asudə vaxtlarını keçirmələri üçün bütün şərait yaradılsın, park təbii olsun. Burada bir çox hündürmərtəbəli binalar var, minlərlə insan yaşayır və şəhər içində sanki kiçik bir meşə yaradılsın. Ona görə burada təbii landşafta maksimum üstünlük verilməlidir. Təbii ki, burada istirahət, fitnes, əyləncə zonaları, oturacaqlar olacaq. Ancaq yaşıllıqlar daha geniş ərazini əhatə etsin, ağaclar əkilsin və insanlar gəlib burada rahat istirahət edə bilsinlər, dincəlsinlər, bunun şəhərimizin ümumi inkişafına böyük töhfəsi olsun. Hesab edirəm ki, layihə də çox yaxşı tərtib olunub və burada daha çox yaşıllıqlara üstünlük verilir. Ona görə artıq bu gündən başlayaraq parkın qurulması ilə bağlı əməli işlər görülməlidir. Sizə təxminən nə qədər vaxt lazım olacaq?
Eldar Əzizov: Möhtərəm cənab Prezident, çalışarıq noyabrın sonuna kimi tamamlayaq.
Prezident İlham Əliyev: Əgər bu iş ilin sonuna qədər başa çatsa, bu park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər.
Yaxınlıqdakı çoxmərtəbəli binanın sakinləri mənzillərinin eyvanlarından dövlətimizin başçısını və xanımını salamladılar.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yeni parkda görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verdilər.
Qeyd edək ki, bu layihənin icrası sosial xarakter daşıyır və onun məqsədi paytaxtda aparılan abadlıq-quruculuq işlərinə töhfə verməkdir. Bundan başqa, layihənin özəlliyini artıran daha bir mühüm məqam ərazidə meşə tipli yeni parkın salınmasıdır. Bu, paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin mühüm tərkib hissəsi olmaqla yanaşı, ətraf ərazilərdə yaşayan sakinlərin istirahətinin də yüksək səviyyədə təşkil edilməsinə geniş imkanlar yaradacaq.
14:05
Avqustun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya parkda görüləcək işlər barədə məlumat verib.