Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “LUKOYL” şirkətinin prezidenti, Azərbaycanda fəaliyyət göstərən "Yelo Bank"ın əsas səhmdarı Vahid Ələkbərova məktub göndərib.
İnsider.az xəbər verir ki, məktubda deyilir:
"Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm.
Sizin peşəkarlığınız və təşkilatçılıq istedadınız sayəsində bu gün “LUKOYL” dünyada ən iri neft-qaz şirkətlərindən biridir.
“LUKOYL” şirkətinin bizim ölkəmizdə çoxillik səmərəli fəaliyyəti Azərbaycan-Rusiya qarşılıqlı iqtisadi əlaqələrinin genişlənməsinə mühüm töhfə verir, bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə şərait yaradır.
Sizə uzun ömür, möhkəm cansağlığı, firavanlıq və yeni uğurlar arzu edirəm".
Həmçinin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Vahid Yusifoviç Ələkbərov “Dostluq” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.