ilk-coxseviyyeli-4g-5g-sebekesi-numayis-olunub

İlk çoxsəviyyəli “4G + 5G” şəbəkəsi nümayiş olunub

Çinin "Huawei" şirkəti və "China Mobile" operatoru "Huawei Asia-Pacific Innovation Day" konfransında beşinci nəsil mobil rabitə şəbəkəsinə (5G) simsiz keçidə imkan verəcək dünyanın ilk "hibrid" şəbəkəsinin işini nümayiş etdiriblər.

İnsider.az "4PDA" resursuna istinadən yazır ki, "5G" siqnalını yaxşı qəbul etməyə imkan verən çoxsəviyyəli "4G + 5G" şəbəkəsi əsas əhatə dairəsi, yüksək buraxılış qabiliyyətli təbəqə və binaları əhatə edən təbəqədən ibarətdir.

Tədbir zamanı virtual reallıq, "8K" təsvir ölçülü videotranslyasiya, "5G" ilə birgə dron və təcili yardım maşınları kimi "5G" şəbəkələrində işləyən aparıcı texnologiyalar nümayiş olunub. Xüsusi tibbi nəqliyyat vasitəsinin imkanlarının təqdimatı daha effektiv olub.

Belə ki, "Huawei" və "China Mobile" şirkətləri yeni standartın təcili yardım texnikasında istifadəsinin faydasını əyani şəkildə nümayiş etdiriblər. Xəstə təcili yardım maşınında olan zaman "5G" sayəsində növbətçi mütəxəssis qan analizi, elektrokardioqram və ultrasəs müayinəsi daxil olmaqla bir neçə analiz edə bilər. Bütün bu tədqiqatlar maksimum tez həyata keçirilir və əldə olunan məlumatlar real vaxt rejimində dərhal xəstənin getdiyi xəstəxanaya göndərilir.

Xəstə tibb müəssisəsinə gəldikdən sonra həkimlər onun vəziyyəti barədə tam təsəvvürə malik olurlar. Xəstəyə təcili cərrahi müdaxilə tələb olunan zaman məlumatın ötürülmə sürəti kritik həddə çata bilər.

© ICTnews