iran-britaniya-tankerini-ele-kecirmekle-tehdid-etdi-saxlanmis-tanker-rusiya-sirketine-mexsus-cixdi

İran Britaniya tankerini ələ keçirməklə təhdid etdi – saxlanmış tanker Rusiya şirkətinə məxsus çıxdı

Cəbəllütariq boğazında saxlanılmış İran tankeri buraxılmadığı təqdirdə, Tehran Britaniyaya məxsus neft tankerini ələ keçirmək “borcunda” olacaq. İnsider.az-ın məlumatına görə, bunu İslam İnqilab Keşikçiləri Korpusunun liderlərindən biri Möhsün Rezayi “Twitter”-də yazıb.

“İslam inqilabından sonra öz qırxillik tarixi boyu İran hərbi hərəkətlərə başlamayıb. Lakin İran heç vaxt prinsipsiz və təkəbbürlü addımlara cavab vermək zərurətinə şübhə etməyib”, — deyə o, bəyan edib.

Bu arada “Ria Novosti” İranın “Mehr” agentliyinə istinadla bildirir ki, Cəbəllütariqdə saxlanılan “Grace 1” tankeri guya “Russian Titan Shipping Line” şirkətinə məxsusdur. Lakin bu məlumatın dəqiq mənbəyi açıqlanmır.

Agentliyin məlumatına görə, şirkət BƏƏ-də qeydiyyatdadır və qeydlərə əsasən tanker Suriya üçün İran neftini daşıyır.

Xatırladaq ki, dünən iyulun 4-ü Britaniyanın Cəbəllütariq ərazisində Panama bayrağı altında İran nefti daşıyan tanker saxlanılıb. “Grace 1”-in saxlanılmasına sanksiya rejimini pozaraq, İran neftinin Suriyadakı emal müəssisələrinə daşınması şübhələri səbəb göstərilib.

Qeyd edək ki, İran XİN-i saxlanılmanı qeyri-qanuni zəbt adlandırıb və Britaniya səfirini izahata çağırıb.

Samirə Məmmədova