irandan-xeberdarliq-nuve-sazisi-uzre-ayrica-ohdelikleri-icra-etmekden-imtina-edib

İrandan xəbərdarlıq – nüvə sazişi üzrə ayrıca öhdəlikləri icra etməkdən imtina edib

İran nüvə sazişi çərçivəsində aldığı “bəzi öhdəliklərin icrasını dayandırmaq” qərarı barədə Almaniya, Böyük Britaniya, Çin və Rusiya səfirlərinə bildiriş göndərib.

İnsider.az bu barədə “Tasnim” agentliyinə istinadla xəbər verir. Öhdəliklərin yerinə yetirilməsinin dayandırılması barədə qərarı İranın Ali Milli Təhlükəsizlik Şurası qəbul edib.

Agentlik qeyd edir ki, detallar barədə rəsmi Tehran nüvə sazişi proqramı üzrə sazişin koordinatoru kimi, xarici işlər və təhlükəsizlik siyasəti üzrə Aİ-nin ali nümayəndəsi Federika Mogerinini məlumatlandırıb.

Bəyanatın tam mətni İran prezidentinin saytında dərc olunub. Orada deyilir ki, sazişin iştirakçı-ölkələri “ABŞ sanksiyalarından (gələn zərəri) kompensasiya etmək” üçün konkret addımlar atmayıblar. Buna görə də Tehran “öz öhdəlik sayını azaltmaqdan” başqa çıxış yolu görmür.

Xüsusilə, İran zənginləşdirilmiş uran və ağır su (nüvə reaktorlarında istifadə olunur) ehtiyyatlarının məhdudlaşdırılması üzrə razılaşmalara riayət etməyəcək. Bəyanatda deyilir ki, öz öhdəliklərini, “xüsusilə, bank və neft yataqları sahəsində” olan öhdəliklərini yerinə yetirmək üçün digər ölkələrin 60 günü olacaq. Əgər bu edilməsə, uran zənginləşdirilməsi üzrə şərtlərin icrasından imtina etməkdən savayı, İran Arakda ağır su üzərində nüvə reaktorunun modernizasiyasını durduracaq. Nüvə sazişinin şərtlərinə görə, Tehran silah plutoninin hazırlanması üçün bu reaktordan istifadə etməməyi öhdəliyinə götürmüşdü.

Tehran nüvə sazişi üzrə digər ölkələrlə konsultasiyaları davam etməyə hazırdır, lakin ölkə, məsələn, yeni sanksiyaların tətbiqi kimi, istənilən “məsuliyyətsiz hərəkətlərə” “güclü və təxirəsalınmaz” cavab verəcək.

“Diplomatiya üçün pəncərə uzun müddət açıq qalmayacaq”, — deyə bəyanatda vurğulanır.

Xatırladaq ki, 2015-ci ildə əldə olunmuş razılaşma çərçivəsində Tehran öz zənginləşdirilmiş uran ehtiyyatını 97%, yəni 300 kq qədər azaltmağı, o cümlədən 15 il boyu onu 3,67%-dən çox zənginləşdirməməyi (bu, uranı AES-də istifadə etməyə imkan verəcək, lakin nüvə silahı hazırlanması üçün yararsız edəcək) öhdəliyinə götürmüşdü. Ölkə həmçinin üzrəinə silah plutoninin istehsalı mümkün olmaması üçün Arakdakı reaktoru modernləşdirməyi öhdəlik götürmüşdü. Nüvə sazişi, əlavə olaraq, İranın üzərinə istifadə etdiyi sentrifuqa sayı üzrə məhdudiyyətlər qoyur və 15 il boyu uran zənginləşdirilməsi üzrə yeni istehsal obyektləri inşa etməyi qadağa edir.

Qeyd edək ki, düz bir il əvvəl, yəni 2018-ci ilin mayın 8-i ABŞ prezidenti Donald Tramp rəsmi Vaşinqtonun sazişdən çıxdığını və sansksiyaların qüvvəyə minməsini bəyan etmişdi. Bundan sonra isə, Aİ Vaşinqtonun qoyacağı məhdudiyyətlərdən ehtiyat etməmək şərtilə İranla Avropa biznesini davam etməyə imkan verəcək mexanizmlərin tərtibatına başladı.

Yeri gəlmişkən, cari ilin fevralın sonunda MAQATE İranın nüvə sazişi üzrə bütün öhdəlikləri yerinə yetirdiyini bildirmişdi.

Samirə Məmmədova