30 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrailə rəsmi səfəri çərçivəsində İsrail Dövlətinin Prezidenti İshak Hersoq tərəfindən qəbul edilib.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regional və beynəlxalq vəziyyət müzakirə olunub.
Ceyhun Bayramov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, təhsil, yüksək texnologiyalar, kibertəhlükəsizlik və s. sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edərək, münasibətlərin inkişafında Azərbaycan və İsrail liderləri arasındakı sıx təmasların mühüm rol oynadığını qeyd edib.
2021-ci ildə Azərbaycan Respublikasının İsrail Dövlətində Ticarət və Turizm nümayəndəliklərinin, 2023-cü ildə isə Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin açılmasının iki ölkə arasında münasibətlərin inkişafının göstəricisi olduğu diqqətə çatdırılıb.
Azərbaycan və İsrail arasında keçirilən müntəzəm siyasi məsləhətləşmələrin və yüksək səviyyəli səfərlərin iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli rol oynadığı vurğulanıb.
Ceyhun Bayramov həmçinin qarşı tərəfi post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı bərpa və quruculuq barədə ətraflı məlumatlandırıb. Bununla yanaşı, Ermənistan tərəfindən törədilən hərbi-siyasi təxribatlar, öz öhdəliklərindən boyun qaçırmaqla danışıqların imitasiyası, mina təhdidini davam etdirilməsi, öhdəliklərinə uyğun olaraq silahlı qüvvələrini Azərbaycandan çıxarmadığı barədə məlumatlar təqdim olunub. Ermənistanın son həftələrdə təcavüzkar ritorikanı və fəaliyyəti davam etdirdiyi diqqətə çatdırılıb. Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, habelə erməni sakinlərin reinteqrasiyası istiqamətində qərarlı olduğu bildirilib.
İshak Hersoq İsrailin öz strateji tərəfdaşı qismində Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini diqqətə çatdırıb. İki ölkənin xalqları arasında mövcud olan dostluq və həmrəylik ənənələrinin bu gün ölkələrimiz arasında inkişaf edən münasibətlərin mühüm tərkib hissəsi olduğu bildirilib. Azərbaycanda yaşayan yəhudi icmasının ikitərəfli münasibətlərə verdiyi müsbət töhfə məmnunluqla qeyd edilib. Azərbaycanın İsraildə Səfirliyinin açılmasının münasibətlərin daha da inkişafında əhəmiyyətli rol oynayacağına dair əminlik ifadə edilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
13:02
İsrail Prezidenti İshak Hersoq bu ölkədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Bu barədə İsrail Prezidentinin ofisi “Twitter” səhifəsində məlumat yayıb.
“Prezident İshak Hersoq bu gün iqamətgahda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb. Prezident onu Azərbaycanın İsraildə səfirliyinin açılması və ilk səfirin təyin olunması münasibətilə təbrik edib”, - paylaşımda qeyd edilib.