isvec-hokumeti-sert-brexit-ucun-hazirliqlara-baslayib

İsveç hökuməti “sərt” Brexit üçün hazırlıqlara başlayıb

İsveç hökuməti “sərt” Brexit üçün hazırlıqlara başlayıb.

İnsider.az bu barədə İsveç hökumətinin mətbuat üçün yaydığı məlumata istinadla xəbər verir.

Məlumata görə, İsveç hökuməti hesab edir ki, Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən sazişsiz çıxması riski artıb. Tərəflər arasında razılaşmadan imtinanın daha ciddi nəticələrinin aradan qaldırılması üçün hökumət İsveçin hazırlığının yüksəldilməsinə istiqamətlənən bir sıra tədbirlər görüb.

Böyük Britaniyanın Aİ tərkibindən çıxmasına İsveçin hazırlığı barədə ətraflı məlumat krallığın Maliyyə naziri Maqdalena Anderssonun və Aİ işləri üzrə nazir Hans Dalqrenin xüsusi mətbuat konfransında təqdim olunub. “Hökumət Böyük Britaniyanın Aİ tərkibindən çıxmasının fəsadlarına müxtəlif üsullarla hazırlaşıb. Məsələn, şirkətlər üçün yeni ticarət şərtləri və fiziki şəxslərə yardım göstərilməsi üzrə tədbirlər barədə rəsmi məlumat vasitəsilə. Mərkəzi hökumətin maliyyəsi qaydasındadır və dövlət borcumuz 1977-ci ildən bəri ən aşağı səviyyədədir. Bu, o deməkdir ki, Böyük Britaniyanın Aİ-ni sazişsiz tərk edəcəyi halda bizim mövqeyimiz güclüdür”, - deyə M.Andersson bəyan edib.

Beynəlxalq analitiklərin bu fikirləri üst-üstə düşür: Böyük Britaniyanın Aİ tərkibindən sazişlə və ya sazişsiz çıxmasından asılı olmayaraq, Brexit Böyük Britaniya və Aİ-yə üzv dövlətlər üçün ticarət münasibətlərinin daha aşağı sürətli artımı və zəifləməsi kimi başa düşüləcək. Bununla belə, Böyük Britaniyanın Aİ üzvlüyündən çıxması barədə saziş hələ də imzalanmayıb və tərəflərin əsas məsələlərlə bağlı mövqeyi tamamilə bir-birindən uzaqlaşıb. Buna baxmayaraq, İsveç hökuməti tərəflərin nizama salınmış fəaliyyəti üçün Aİ-nin digər ölkələri ilə işləyir.

“Biz əlbəttə ki, nizama salınmış çıxış görmək istərdik. Lakin Böyük Britaniya hökumətinin bu yaxınlardakı bəyanatına görə, ölkə noyabrın 1-də razılaşma olsa da, olmasa da Aİ-ni tərk etmək niyyətindədir. Vəziyyət ciddidir və biz “sərt” Brexitə yaxşı hazırlaşmalıyıq”, - deyə Hans Dalqren qeyd edib.

İsveç bir çox sahələrdə tədbirlər görüb. Hazırlıq hökumət müəssisələri, Avropa Komissiyası və Aİ-yə üzv olan digər dövlətlərlə sıx əməkdaşlıq çərçivəsində aparılıb. Lakin hökumət qeyd edir ki, İsveç hətta yaxşı hazırlıqlı olsa belə, razılaşmadan imtinanın mənfi nəticələri qaçılmazdır.

Maqdalena Andersson və Hans Dalqren mətbuat konfransında Böyük Britaniyada yaşayan İsveç vətəndaşlarına və İsveçdə yaşayan Britaniya vətəndaşlarına kömək göstərmək, həmçinin maliyyə bazarlarının işinin təminatı, maliyyə sabitliyi və təsisatların səmərəli mövcudluğunun davamı üçün görülən işlər barədə danışıblar. “Bundan ötrü İsveç hökuməti şirkətləri və fiziki şəxsləri tətbiq edilə biləcək yeni gömrük qaydaları barədə məlumatlandırıb. Həmçinin razılaşmadan imtina baş verdiyi halda əmələ gələ biləcək problemlərin qarşısını almaqdan ötrü İsveç gömrüyünə kömək göstərilib”. Hökumət üzvlərinin sözlərinə görə, belə ssenari vəziyyətində yeni qaydalar balıqçılıq sənayesinə, hava və dəmir yolu nəqliyyatına, həmçinin Aİ-yə dərman tədarükünün təminatına tətbiq olunacaq.

©Azərtac