karbon-nanoborulari-esasinda-ilk-prosessor-hazirlanib

Karbon nanoboruları əsasında ilk prosessor hazırlanıb

Massaçusets Texnologiya İnstitutunun (MTİ) alimləri minlərlə karbon nanoboruları əsasında ilk prosessor hazırlayıblar.

İnsider.az xəbər verir ki, yeni 16 bitlik mikroprosessorun daxilindəki tranzistorlar silisiumdan deyil, karbon nanoborularından hazırlanıb. MTİ komandası tez-tez nanoborulu tranzistorların işini pozan bir sıra nanoölçülü qüsurları aradan qaldıraraq yeni prosessor hazırlayıb. Prototip kommersiya yönümlü silisium qurğularla rəqabət aparacaq qədər sürətli işləmir, amma karbon nanoboruları əsasında hazırlanmış kompüter çipləri daha sürətli və enerji səmərəli yeni nəsil elektronikanın yaranmasına gətirib çıxara bilər. Ekspertlərin sözlərinə görə, bu, sözügedən texnologiyanın inkişafında mühüm mərhələdir.

Yeni tip kompüter mikroprosessorları karbon nanoborularından hazırlanmış minlərlə tranzistordan ibarətdir. Hərçənd müasir prototiplər hələ ki ölçüsünə görə silisium çiplərlə rəqabət apara bilmir, ancaq karbon nanoboruları əsasında aparılan hesablamalar daha sürətli elektronika dövrünə başlamağı vəd edir. Karbon nanoborularından hazırlanmış təxminən 14 min tranzistorla işləyən mikroprosessor "Hello, world!" mesajının yazılması üçün sadə proqramı icra edib.