kohne-dunyanin-sonu-ve-yeni-reqemsal-ehdi-cedid

Köhnə Dünyanın sonu və yeni “rəqəmsal Əhdi-Cədid”

Son günlərdə yeni tipli COVID-19 koronovirusun yayılması ilə əlaqədar qeyri-ixtiyari olaraq bəşəriyyəti yaxın gələcəkdə nə gözlədiyi barədə düşünürsən. Ayrı-ayrı ölkələrdə xəstəlik nəticəsində ölümün 5-6 faizdən yuxarı olmayacağına, möhkəm sağlığı olan insanların yoluxmanı ümumiyyətlə hiss etməyəcəklərinə dair bir qədər sakitləşdirən statistika, gündəlik sosial-iqtisadi həyatımızı əsaslı şəkildə sarsıtmaq üçün yetərli oldu. 

Ölkələr sərhədləri bağlayır və fövqəladə hal elan edir, insanlar evdə qapanır, dünya iqtisadiyyatı sərbəst enişdədir, ideologiyalar mübarizəsi və etniklər arası fikir ayrılıqları müvəqqəti də olsa ikinci plana keçir və s. Bir sözlə - müharibə zamanı olduğu kimi. Həqiqətən də dəyərləri yenidən nəzərdən keçirməyə vadar edən görünməz və vahid düşmənimiz peyda olub.  İlk dəfə (bütün müharibələrdən fərqli olaraq) ümumi düşmənimizi məğlub etmək üçün bəşəriyyət birşləşmək əvəzinə ayrılmalı və ümumi səylərlə yeni “rəqəmsal” nəsihətləri qəbul etməlidir.

Böyük daşqından sonra insanlar Tanrı qarşısında “iradə azadlığı”nın əsas müddəa olduğu əhdi qəbul etdilər. Təəssüf ki, böyük ehtimalla məhz həmin iradə azadlığı bizim bu gün yaşadıqlarımıza səbəb oldu. Digər ehtimal isə ümumi rifah üçün, məhz onu qurban verərək süni intellekt ilə yeni “rəqəmsal Əhdi-Cədid” qəbul etməli olacağıq. Bəli, Corc Oruellin “Böyük qardaş” ssenarisi bəlkə də sabah hamı üçün real ola bilər. 
 
Varlı və kasıb seçmədən hamıya qarşı “demokratik” davranan virusdan yeganə və effektiv qorunma üsulu insanların azadlığını məhdudlaşdıran sərt karantin tədbirləridir. Yəni faktiki olaraq avtoritarizmdir. 

Avropada bu virus istər yoluxma, istərsə də ölüm sayında yeni rekordlar nümayiş etdirsə də,  yarım milyardlıq əhalisi olan Çində yeni yoluxma halları artıq aşkar edilmir. İş insanların karantinə alınmasında və ya fövqəladə halın elan edilməsində deyil, iş konkret insanın həyat və haqlarına yanaşmadadır. Bütün dünya bu kabusun onlardan yan keçəcəyinə ümid etdiyi və onunla maksimal dərəcədə demokratik üsulla mübarizə barədə müzakirələr apardığı halda, Cin sakit və sərt şəkildə, “yaşamaq” haqqı istisna olmaqla bütün haqlara göz yumaraq öz millətini qorumaq üçün əvəzsiz addımlar atdı.

Yaranan vəziyyətdə ümumi rifah və bəşəriyyətin sağ qalması üçün şəxsi həyatınıza dair informasiyanın verilməsinin labüdlüyü mübahisələr doğurur. 
Məsələn, Çində Ant tətbiqi vasitəsilə demək olar ki, hər kəsə geolokasiya haqqında informasiyanı təhlil edərək, fəaliyyət və yerdəyişmə müəyyənləşdirərək, yoluxma ehtimalına səviyyəsinə görə, dəyişən yaşıl, sarı və ya qırmızı rəngdə QR-şifrə verilir.

İsraildə daha da irəli gedərək, xüsusi xidmətlər xəbərdarlıq etmədən insanları mobil telefonları vasitəsilə təqib edirlər.    
Məlum məsələdir ki, bu trendi digər ölkələr də tətbiq edəcək. Bundan başqa bu qəbildən olan təqib daha da təkmilləşərək (FT-də dərc edilən son məqaləsində Yuval Harrarnin yazdığı kimi) hətta sizin temperatur, təzyiq, ürək döyüntüsü, bu və ya digər hadisəyə orqanizminizin reaksiyasına da imkan verəcək, bu isə nəticədə hər hansı bir xəstəliyin meydana gəlməsindən öncə onu proqnozlaşdırmaq imkanı verəcək.
 
Bəlkə də kim isə belə gələcəyi real görünməyəcək, amma alıcılıq davranışına əsaslanaraq, qadının hamiləliyini 100 faizlik nəticə ilə müəyyən edən “Target” ticarət şəbəkəsinin misalı bunun əksini sübut edir. Başqa bir misal, “Facebook” sosial şəbəkəsində bir düyməni basmaqla sizin cinsiyyətinizi, oriyentasiyanızı və siyasi baxışlarınızı müəyyən edən “Cambridge Analytica” alqoritmləri ola bilər. 
 
Bütün bu məlumatlar, bilmədən və istəmədən qoyduğumuz bütün “rəqəmsal izlər” həm hakimiyyət, həm də bu məlumatları davranışımızın istiqamətlərini formalaşdırmaq üçün istifadə edən özəl şirkətlər üçün böyük maraq doğurur. Bütün bunların etikliyinə dair uzun-uzadı mübahisələr etmək olar, amma bu qəbildən olan dünyanın əsası qoyulub və bundan qaçış yoxdur. Biz özümüz detallara varmadan, texnoloji şirkətlərin təqdim etdiyi “oxuyun və şərtləri qəbul edin” başlığı altında təqdim edilən sövdələşmələrin altında işarə və ya imza qoyaraq, sürət və rahatlıq müqabilində şəxsi informasiyamıza çıxışa icazə vermişik. Bu yolla özümüz yeni “rəqəmsal Əhdi-Cədid”in təməlini qoymuşuq. Bu reallığı nə qədər tez dərk edib və qəbul etsək, yeni həyata bir o qədər tez adaptasiya edə bilərik. 

Yeni həyat,  idarəetmə sisteminin ənənəvi dəyərlərdən daha çox bürokratik prosesi minimallaşdıraraq düzgün qərarların qəbulunu sürətləndirməyə əsaslanan, yeni formasını nəzərdə tutur. Bu qəbildən olan qərarları qəbul etmək üçün dövlət aparatı, süni intellektin təhlil edə biləcəyi nəhəng həcmdə strukturlaşdırılmış məlumatlara, sahib olmalıdır. Əgər indi həkimlər böyük həcmdə məlumatı təhlil edərək dəqiq diaqnozu və ya müalicə planını dəqiqələr ərzində verə bilən İBM şirkətinin süni intellekti “Watson”a “ikinci fikir” üçün müraciət edə bilirlərsə, gələcəkdə insanların öz qərar qəbul etmə haqqını qurban verərək, bu haqqı süni intellektə  həvalə edəcəyi də istisna edilmir. Bununla da “rəqəmsal Əhdi-Cədid”i qəbul etmiş oluruq.  

Urxan Seyidov