komputerleri-zeifleden-windows-yenilemesi-legv-olunub

Kompüterləri zəiflədən “Windows” yeniləməsi ləğv olunub

“Microsoft” korporasiyası kompüterlərin zəifləməsinə səbəb olan problemli “Windows 10” əməliyyat sistemi yeniləməsini ləğv edib. Bu barədə korporasiyanın bəyanatına istinadən “Windows Latest” nəşrinin məlumatında deyilir.

İnsider.az xəbər verir ki, “Microsoft” tərəfindən “KB4559309” sistem yeniləməsinin “KB4576754” ilə əvəzlənməsi barədə qərar qəbul edilib. Yeni sistem yeniləməsi də məcburidir və köhnəlmiş “Internet Explorer” brauzerini “Edge” ilə əvəzləyir. “Windows” texniki dəstək mütəxəssisinin sözlərinə görə, bu sistem yeniləməsi əvvəllər buraxılan “KB4541301”, “KB4541302” və “KB4559309” yeniləmələrini əvəzləyəcək.

Yeniləmə sənədlərinə görə, “KB4576754” avtomatik yükləniləcək – onun yüklənilməsi üçün istifadəçinin iştirakı tələb olunmur. Korporasiya nümayəndələri qeyd edib ki, hazırda onlar “KB4576754” yeniləməsi ilə əlaqədar nasazlıqlar barədə məlumata malik deyillər.

Bir müddət əvvəl “Microsoft” yaz yeniləmələrindən birində problemin olduğunu etiraf edib. Mütəxəssislər vurğulayıb ki, korporasiya yeniləmənin quraşdırılmasını dayandırıb və istifadəçilərdən onun səbəb olduğu problemlər barədə informasiya toplayır. İyunun sonunda “Windows 10” istifadəçiləri kompüterlərin yüklənmə vaxtının artmasına və oyunlarda ekranda göstərilən kadrların saniyə sayının azalmasına səbəb olan “KB4559309” yeniləməsindən şikayətləniblər.

ICTnews