Bəhreyndə koronavirus və digər mikroorqanizmləri məhv edə biləcək robot hazırlanıb.
İnsider.az xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.
Robot 12 dildə danışa, bədən istiliyini ölçə, səs əmrlərinə cavab verə və üz tanıma texnologiyasından istifadə edə bilir.
O, qısa dalğalı ultrabənövşəyi radiasiya ilə virusa təsir göstərir. 30 dəqiqə ərzində bütün mikroorqanizmlərin membranlarını məhv etməklə (bunun nəticəsində orqanizmlərin DNT-si parçalanır) onların 90 faizini öldürür.
Bu da vurğulanır ki, robot işlədiyi zaman otaqda insanlar olmamalıdır, çünki cihazdan yayılan şüa insan hüceyrələrinə zərər verə bilər.
Şərqi İngiltərə Universitetinin professoru Pol Hanterin sözlərinə görə, ultrabənövşəyi şüa əksər viruslarla effektiv mübarizə aparır, buna görə də onun SARS-CoV-2-i deaktivasiya etməsi təəccüblü deyil.
Hazırda robot sənaye şəraitində sınaqdan keçirilir. Artıq iki cihaz Bəhreyndəki tibb müəssisələrində istifadə üçün buraxılıb. Bəhreyn Səhiyyə Nazirliyinin nümayəndəsi Valid Əl-Manea, həkimlərə və tibb bacılarına kömək edə bildikləri üçün bu maşınları “tibdə inqilab” adlandırıb.