kriptovalyutanin-mayninqi-ucun-viruslarin-aktivliyi-29-yukselib

Kriptovalyutanın mayninqi üçün virusların aktivliyi 29% yüksəlib

Antivirus proqramlarının hazırlanması üzrə ixtisaslaşmış “McAfee” şirkətinin məlumatına görə, 2019-cu ilin birinci rübündə gizli şəkildə kriptovalyutanın mayninqi üçün proqramlardan istifadə edən hücumların sayı ötən üç ayla müqayisədə 29% yüksəlib.

İnsider.az “dailycomm.ru” saytına istinadən yazır ki, əksər hallarda “Windows” sistemi ilə işləyən qurğular və “Apple” cihazları gizli mayner hücumlarına məruz qalıb. Əvvəllər “macOS” və “iOS” əməliyyat sistemləri bu tip viruslara qarşı dayanıqlı idi, lakin indi hakerlər bütün məhdudiyyətləri keçən və reyestrdə gizlənən utilitlər hazırlamağı öyrəniblər. Ekspertlər bildirirlər ki, hətta təcrübəli istifadəçilər öz qurğularındakı şübhəli aktivliyi həmişə aşkar edə bilmir.

Məlumata görə, mayninq üçün nəzərdə tutulmuş viruslar yalnız istifadəçilərə deyil, həm də şirkətlərə zərər vurur. Şirkətlərin kompüter sistemləri virusun fəaliyyəti nəticəsində xeyli zəif işləyə bilər.

Şəbəkə təhlükəsizliyinin təmin edilməsi üzrə ixtisaslaşmış “SonicWall” şirkətinin məlumatına görə, 2019-cu ilin birinci yarısında dünyada fırıldaqçı virusların köməyilə 110,9 milyon kiberhücum həyata keçirilib. Bu, ötən illə müqayisədə 15% daha yüksəkdir.

© ICTnews