lg-istehsali-dayandirdi

LG istehsalı dayandırdı

Bununla da Amerika bazarında 10%-dən çox yer boşalır.

Cənubi Koreyanın texnologiya nəhəngi LG Electronics Inc. özünün ziyanla işləyən mobil telefonlar bölməsini bağlamaq qərarına gəlib. Şirkət bugün səhər yaydığı açıqlamada əsas diqqətini elektrikli avtomobillərə və ağıllı evlərə cəmləşdirəcəyini bəyan edib.

2013-cü ildə Apple və Samsung-dan sonra dünyanın üçüncü ən böyük mobil telefon istehsaçısı olan LG avadanlıq və proqram təminatındakı texniki problemlər, yenilənmələrin vaxtında həyata keçirilməməsi və zəif marketinq strategiyası səbəbindən dünya bazarındakı mühüm mövqelərini itirib. Son 6 ildə mobil telefon bölməsindən 4,5 milyard dollar ziyana məruz qalan şirkət hazırda qlobal bazarda cəmi 2% paya malikdir. Ötən il cəmi 23 milyon smartfon satılıb ki, bu da Samsung-un göstəricisi (256 milyon ədəd) ilə müqayisədə 10 dəfə azdır.

LG-nin mobil telefonların istehsalını dayandırması onun Şimali Amerika bazarındakı 10% payının da itirilməsi ilə nəticələnəcək. Cənubi Amerika ölkələrində hazırda LG Apple, Samsung, Xiaomi və digər Çin istehsalçılarından sonra 5-ci ən çox satılan smartfon modellərinə malikdir.

LG-nin 5 iri sənaye bölməsi içərisində ən kiçiyi olan mobil telefon istehsalı şirkətin illik gəlirinin 7%-ni təşkil edirdi. İstehsalatın cari ilin 31 iyul tarixinə kimi dayandırılacağı, Cənubi Koreyadakı smartfon zavodlarında çalışan işçilərin LG-nin digər sənaye sahələrinə keçiriləcəyi, hazırda mobil telefon istifadəçiləri tərəfindən işlədilən LG markalı smartfonlara isə müxtəlif regionlardan asılı olaraq hələ bir müddət proqram təminatı və yenilənmələrlə bağlı xidmət göstəriləcəyi nəzərdə tutulur.

Marja