makroiqtisadi-sabitliyin-esas-meyari-olan-qiymetlerin-asagi-ve-stabil-olmasi-temin-edilmelidir

Makroiqtisadi sabitliyin əsas meyarı olan qiymətlərin aşağı və stabil olması təmin edilməlidir

Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan, xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığı gücləndirilməli, makroiqtisadi sabitlik daha da möhkəmləndirilməlidir. Ölkədə makroiqtisadi sabitliyin və dayanıqlığın gücləndirilməsi məqsədilə yeni reallıqlara uyğun büdcə qaydasına əsaslanan fiskal çərçivə formalaşdırılmalıdır.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əksini tapıb.

Bildirilib ki, yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bunun üçün əsas məqsəd iqtisadiyyatda qeyri-neft sektorunun payının artmasına nail olmaqdır:

“Xarici təsirlərə dayanıqlıq sütünlarından birini dövlətin valyuta ehtiyatları, digərini isə intizamlı borclanma təşkil edir. Xarici valyuta ehtiyatlarının dayanıqlı səviyyədə saxlanılması üçün Dövlət Neft Fondundan transfertin dövlət büdcəsində payı tədricən azaldılmalıdır. Məcmu borc makroiqtisadi sabitliyə, o cümlədən dövlət büdcəsinin sabitliyinə xidmət etməlidir. Daxili borcun idarə edilməsi ölkədə maliyyə bazarlarının inkişafını dəstəkləməli, xarici dövlət borcunun dayanıqlı səviyyəsi qorunmalı, dövlət şirkətlərinin borclanmalarına nəzarət gücləndirilməli və bu əsaslarda dövlət və kvazi-dövlət borcunun idarəedilməsi təşkil olunmalıdır”.

Qeyd olunub ki, makroiqtisadi sabitliyin əsas meyarı olan qiymətlərin aşağı və stabil olması təmin edilməlidir:

“Belə bir sabitlik iqtisadiyyatda gözləntiləri yaxşılaşdırmalı, əhalinin yığımlarını dəyərsizləşmədən qorumalı və investisiyaları artırmalıdır. Qiymətlərin sabitliyi daha effektiv lövbər vasitəsilə təmin edilməlidir. Makroiqtisadi sabitliyin digər mühüm meyarı olan dayanıqlı maliyyə sabitliyi maliyyə bazarlarının daim effektiv və səmərəli fəaliyyət göstərməsini, maliyyə dərinliyinin artmasını və maliyyəyə çıxışın genişlənməsini şərtləndirməlidir. Makroiqtisadi və maliyyə sabitliyini təmin edən idarəetmənin institusional çərçivəsi təkmilləşdirilməlidir”.

APA