ABŞ-nin "SpaceX" kosmik şirkətinin baş ofisi Kaliforniya ştatından Texasdakı Braunsvill şəhəri yaxınlığında yerləşən "Starbase" kosmodromuna köçürüləcək.
Bu barədə şirkətin qurucusu İlon Mask özünün "X" sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, qərar Kaliforniyada LGBT qanununun qəbul edilməsi ilə əlaqədar verilib. Belə ki, ştatda yeni qəbul edilən qanun məktəblərdən şagirdin özünü transgender kimi tanıtdığı halda valideynləri məlumatlandırmamağı tələb edir.
Mask təxminən bir il əvvəl qubernatora bu cür qanunların ailələri və şirkətləri öz uşaqlarını qorumaq üçün Kaliforniyanı tərk etməyə məcbur olacağı barədə xəbərdarlıq etdiyini bildirib.
"Bu son damladır. Yeni qanun və ailələrə, şirkətlərə hücum edən bir çox digər əvvəlki qanunlar səbəbindən "SpaceX" baş ofisini Kaliforniya ştatının Hotorn şəhərindən Texas ştatındakı "Starbase"ə köçürəcək", - deyə Mask yazıb.
O, həmçinin bir çox digər şirkətlərin də ştat hakimiyyətinin öz işçilərinin uşaqlarını əllərindən alacağından qorxaraq Kaliforniyanı tərk edəcəyinə əminliyini ifadə edib.