merkelin-hali-yeniden-pislesdi

Merkelin halı yenidən pisləşdi

Almaniya kansleri Angela Merkel ölkə prezidenti Frank-Valter Ştaynmayer ilə görüşü zamanı titrəməyə başlayıb. İnsider.az bunu “Reuters”-ə istinadla xəbər verir.

Bu, son iki həftədə artıq ikinci haldır. Kansler daha əvvəl bu vəziyyəti iyunun 18-i Ukraynanın yeni rəhbəri Vladimir Zelenski ilə Berlində baş tutan görüşü vaxtı hiss etmişdi. Zelenski və Merkel bundesver və orkestr heyətinin salamlamasını gözlədikləri vaxt, rəsmi mərasim zamanı Almaniya kansleri bərk titrəməyə başlamışdı. “Spiegel” qəzeti belə titrəyişin Merkeldə bir neçə il əvvəl Meksikada, isti hava vaxtı baş verdiyini qeyd etmişdi. İyunun 18-i isə Almaniya paytaxtında termometr təxminən 30 dərəcə isti göstərirdi.

Merkel özünə gəldikdən sonra vəziyyətini orqanizminin susuzlaşması ilə izah etmişdi. Onun sözlərinə görə, üç stəkan su içdikdən sonra özünü yaxşı hiss edib.

Qeyd edək ki, Merkelin mətbuat katibi artıq açıqlama verib və kanslerin səhhətinin yerində olduğunu və onun iştirakı ilə planlaşdırılmış bütün tədbirlərin, o cümlədən Yaponiyadakı G20 sammitinin qrafik üzrə keçəcəyini bildirib.

Samirə Məmmədova