meta-abs-in-eyniadli-bankinin-ticaret-nisanini-60-milyon-dollara-alib

"Meta" ABŞ-ın eyniadlı bankının ticarət nişanını 60 milyon dollara alıb

"Meta Platforms" şirkəti ("Facebook" sosial şəbəkəsinin sahibi) ABŞ-ın eyniadlı bankının ("MetaBank") ticarət nişanını 60 mln. dollara alıb.

Bu barədə "Reuters" agentliyi şirkətin nümayəndələrinə istinadən xəbər verir.

Qeyd olunur ki, "Meta Financial Group"un ("MetaBank"ın ana şirkəti) nümayəndəsi bildirib ki, sövdələşmə "Meta Platforms" adından Delaver ştatında yerləşən "Beige Key" tərəfindən həyata keçirilib. "Beige Key"in kimə məxsus olduğu açıqlanmır.

""Beige Key" bizimlə əlaqəli şirkətdir və biz həqiqətən bu ticarət nişanı adı altında aktivlər əldə etmişik", - deyə "Meta Platforms"un nümayəndəsi bildirib. "MetaBank"ın rəsmisi isə "Reuters"ə "Meta Platforms"un sövdələşmədə iştirakını təsdiqləyib.

"Meta Platforms"un nümayəndələrinin sözlərinə görə, şirkət hələ "Facebook"un adının dəyişdirilməsi ilə bağlı açıqlama verilməmişdən əvvəl bankla danışıqlar aparıb.

Xatırladaq ki, bu ilin oktyabr ayında ABŞ-ın "Facebook" şirkəti adını "Meta"ya dəyişib.

APA