microsoft-powerpoint-de-deyisiklikler-edir

“Microsoft” “PowerPoint”-də dəyişikliklər edir

“Microsoft” “PowerPoint”-ə təqdimat üçün çıxışı məşq etməyə yardım edəcək süni intellekt əsasında olan virtual köməkçi əlavə edir. İnsider.az bunu şirkətin bloquna istinadla xəbər verir.

“Presenter Coach” (“Çıxışlar üzrə təlimçi”) cari ilin yayında çıxacaq. Əvvəlcə o ancaq “PowerPoint”-in veb-versiyasında istifadə olunacaq. “Microsoft” dəstəklənən dillər siyahısını hələ ki, açıqlamayıb.

Virtual assistent mikrofon vasitəsilə istifadəçinin nitqini dinləyəcək, nitq tempi, leksikası və nitqdəki parazit sözlərin və ya qeyri-normativ ifadələrin olub-olmamasını təhlil edəcək. Eşidilənlərin əsasında köməkçi çıxışı necə yaxşılaşdırmalı olduğunu ekranda göstərəcək.

Misal üçün, əgər istifadəçi həddən artıq tez və ya ləng danışırsa, həmçinin slayddan mətni nöqtəbənöqtə oxuyursa, assistent bu barədə xəbərdarlıq edir. Həmçinin köməkçi nitqdəki “emm” və ya “eee” kimi parazit sözlərin istifadəsinə işarə edəcək.

“Microsoft” “PowerPoint”-ə təqdimatın hazırlığını sadələşdirəcək daha bir neçə funksiya əlavə edib:

•    “Designer” — bu, yüklənilmiş görüntü və ya yığılmış mətn əsasında slaydların cəld tərtibatı üçün konstruktordur. Funksiya şirkətlərə firma üslubları, rəngləri və şriftlərilə təqdimatları tərtib etməyə imkan yaradacaq.

•    “Morph” — bu funksiya slyadda mətni və görüntüləri animasiya etməyə, həmçinin üçölçülü fiqurları yaratmağa kömək edir.

Həmçinin “PowerPoint” təqdimatlarda çətinliklə dərk edilən faktları və böyük rəqəmləri axtaracaq və əyani misallar əlavə edəcək. Məsələn, əgər slaydda “652 232 km2 sahə” yazılıbsa, sistem bunun “təxminən Texasın sahəsinə bərabər olduğunu” əlavə etməyi təklif edəcək.

Samirə Məmmədova