millet-vekili-eliabbas-salahzade-qazaxistan-seferi-cercivesinde-turkdilli-olkelerin-genc-millet-veki

Millət vəkili Əliabbas Salahzadə Qazaxıstan səfəri çərçivəsində türkdilli ölkələrin gənc millət vəkilləri ilə panel müzakirələrinə qatılıb

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əliabbas Salahzadə Qazaxıstana işgüzar səfər edib. Səfər çərçivəsində Qazaxıstanın paytaxtı Nursultan şəhərində Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri cənab Yerlan Kaşanovla, ardınca isə hakim  AMANAT partiyasının icraçı katibi Cənab Aşxat Oralovla görüşə qatılıb. Sözügedən görüşlərdə ölkələrimiz arasındakı mədəni, iqtisadi inkişafın sürətlənməsinə dair fikir mübadiləsi aparılıb.

Əliabbas Salahzadə səfərlə bağlı təəssüratlarını da bölüşüb:

“TÜRKPA Türkdilli Ölkələrin Parlament Assambleyası-nın Gənc Parlamentarilər qrupunun ilk iclasında iştirak etdik. İclasa qrupun rəhbəri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin üzvü Yeldos Abakanov sədrlik etdi. “Texnologiya əsrində - Uşaqlar və gənclik türklərin gələcəyidir” mövzusuna həsr olunmuş iclasın əsas məqsədi türk uşaqlar və gənclərin gələcəyi ilə bağlı türkdilli ölkələr arasında müzakirələr aparmaq, türk gənclərinin birliyini təmin etmək və bütün dünya üzrə möhkəmləndirməkdən ibarət idi.

Həmçinin səfər çərçivəsində bir çox rəsmi görüşlərimiz də baş tutdu. Qazaxıstan Parlamenti Məclisinin sədri cənab Yerlan Kaşanovla,  Qazaxıstanın İnformasiya və Sosial İnkişaf naziri Askar Umarovla, o cümlədən Amanat partiyasının gənc millət vəkilləri ilə birgə təşkil olunan ümumilikdə 12-dən artıq görüşdə iştirak etdik. Ölkələrimiz arasında mədəni, iqtisadi inkişafın sürətlənməsinə dair fikir mübadiləsi apardıq və bu prosesdə gənc millət vəkillərinin rolunu xüsusilə qeyd etdik”.

Kiçik tərkibdə görüşlərdən sonra TürkPa Katibliyinin Gənc Parlamentarilər Qrupunun icraçı katibinin, həmçinin Qazaxıstanın hakim partiyası AMANAT-ın gənc millət vəkillərinin, Türkiyə Cümhuriyyətinin və  Özbəkistan Respublikasının millət vəkillərinin, TürkPa Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin- Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Türkiyə Respublikasının parlament nümayəndələrinin və digər rəsmilərinin də iştirak etdiyi əsas panel görüşü baş tutub. Görüşün əsas məqsədi bütün türk dövlətləri arasında,  xüsusilə də TÜRKPA ölkələri arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi, gənclərin informasiya və sosial inkişafına dair müzakirələrin aparılması olub. Azərbaycanlı deputat Əliabbas Salahzadə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Respublikasının vətəndaşı olan gənclərin əlaqələndirilməsi və türkdilli dövlətlər arasındakı kommunikasiyanın gücləndirilməsi ilə bağlı fikirlərlə çıxış edib.

Qeyd edək ki, panel formasında təşkil olunan bu görüşdə AMANAT partiyasının gənc fəalları və deputatları ilə  yanaşı iştirak edən azərbaycanlı millət vəkili daha sonra “ALJİR” memorial-muzey kompleksini, “EXPO-2017” Beynəlxalq Sərgi Mərkəzini ziyarət edib və Bayterek qülləsi ilə tanış olub.