Parlamentin növbədənkənar sessiyasının ilk iki plenar iclasının gündəliyi müəyyənləşib.
İnsider.az xəbər verir ki, iyunun 13-ü və 14-də keçiriləcək növbədənkənar plenar iclasların gündəliyinə 15 məsələ daxil edilib.
Bunlar “Aqrar sığorta haqqında”, “Baytarlıq haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Azərbaycan Respublikasının Milli Məclisinin daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Banklar haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Mühasibat uçotu haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Təhsil haqqında”, “Dövlət rüsumu haqqında” və s. qanunlara dəyişiklik layihələridir.
Bundan başqa, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi də ikinci və üçüncü oxunuşlarda müzakirə edilərək qəbul olunacaq.
Həmçinin, qeyd edək ki, Milli Məclisin (MM) növbədənkənar sessiyanın digər plenar iclaslarının iyunun 28-i və iyulun 9-u, 12-də keçirilməsi nəzərdə tutulur.
Növbədənkənar iclaslardan sonra millət vəkilləri sentyabrın 15-nə kimi yay tətilinə yollanacaqlar.
Sentyabrın 15-dən MM-in 2019-cu il növbəti payız sessiyasının komitə iclasları öz işinə başlayacaq.
Oktyabr ayının 1-də isə payız sessiyasının açılış-ilk plenar iclası keçiriləcək.
© Oxu.az