Azərbaycan parlamenti noyabrın 21-də ABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı bəyanat qəbul edib.
Bəyanatı Milli Məclisin deputatı, sənədin hazırlanması üzrə komissiyanın üzvü Kamilə Əliyeva oxuyub.
Bəyanatda Birləşmiş Ştatlar Senatının anti-Azərbaycan aktı pislənilib. Eyni zamanda, Vaşinqtona Cənubi Qafqazdakı proseslərlə bağlı obyektiv mövqe tutmaqla bağlı çağırış edilib.
“Azərbaycan parlamenti ABŞ Senatının 15 noyabr tarixli qərarını rədd edir. Vaşinqtonun bu kimi addımları regionda sülh, sabitliyə zərbə vurur. ABŞ-nin təcavüzkar Ermənistana dəstəyi Azərbaycan torpaqlarını işğal etməyə yardım edib. ABŞ 30 il ərzində işğalçı Ermənistana qarşı heç bir sanksiya qəbul etməyib, əksinə maliyyə yardımı ayırıb, yüksəksəviyyəli görüşlər təşkil edib. ABŞ-nin bu kimi addımları onun Azərbaycan cəmiyyətində nüfuzuna zərər yetirib. ABŞ 907-ci düzəlişlə Azərbaycana qarşı 1992-ci ildə etdiyi səhvi təəssüf ki, yenidən etmiş olub”, - bəyanatda vurğulanıb.
11:58
Milli Məclisdə ABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı bəyanatı hazırlamaq üçün komissiya yaradılıb.
Komissiyanın sədri Ziyafət Əsgərovdur.
Üzvlər isə Səməd Seyidov, Qüdrət Həsənquliyev, Tural Gəncəliyev, Tamam Cəfərova və Kamilə Əliyevadır.
11:11
Azərbaycan parlamenti ABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı bəyanat qəbul edəcək.
Bununla bağlı məsələ Milli Məclisin bugünkü iclasının gündəliyinə daxil olunub.
Toplantının gündəliyindəki məsələlərin sayı bununla da 21-ə çatıb.
Xatırladaq ki, noyabrın 16-da ABŞ Senatı ermənilərin müdafiə aktını qəbul edib.
Məlumata görə, senatorlar ABŞ prezidentinə Azadlığa Dəstək Aktına Azərbaycana hərbi yardımı qadağan edən 907-ci düzəlişdən yan keçməyə imkan verməyən C.3000 sənədinə səs veriblər.
Layihə Nümayəndələr Palatası tərəfindən qəbul edilsə və Ağ Evin rəhbəri tərəfindən imzalansa, ABŞ Prezidenti 907-ci düzəlişdən yan keçə bilməyəcək. Nəticə etibarilə o, 2024-2025-ci illərin büdcə ayırmalarından Azərbaycana yardım üçün maliyyə ala bilməyəcək.
Qeyd edək ki, 907 saylı düzəlişə əsasən, ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağandır. Bu düzəliş Konqresin 2001-ci ildə verdiyi səlahiyyətlərə uyğun olaraq, 2002-ci ildən bəri hər il ABŞ Prezidenti tərəfindən dayandırılır.
Report