Milli Məclisin Regional məsələlər komitəsi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə Azərbaycan toponimlərini dəyişdirməsinə görə bu ölkənin parlamentinə müraciət ünvanlayacaq.
Bunu Milli Məclisin deputatı, komitə sədri Siyavuş Novruzov parlamentin noyabrın 29-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Rusiya sülhməramlıları üçtərəfli görüşdə imzalanan bütün protokollara, hətta Vladimir Putinin imzasına da hörmətsiz yanaşırlar: “Çünki protokolların hər birində regionların adı bizim qeyd etdiyimiz adla gedir. Bunu köhnə adla orda təqdim etməyin heç bir yeri yoxdur. Regional məsələlər komitəsi olaraq, bununla bağlı Rusiya Dumasının Regional komitəsinə müraciət hazırlamışıq. Sizinlə məsləhətləşəndən sonra müraciəti onlara göndərmək istəyirik. Eyni zamanda Rusiya Müdafiə Nazirliyinə, digər strukturlara göndəriləcək. Onsuz da ermənilər tərəfindən Qərbi Azərbaycanda mindən artıq toponimlərimiz dəyişib".
Deputat bildirib ki, Rusiya sülhməramlılarının sentyabr ayından sonra sülh yaratmaq əvəzinə, separatizmə dəstək verməsi heç də düzgün hal deyil: "Əgər öz funksiyalarını yerinə yetirə bilmirlərsə, onda fəaliyyətlərini dayandırmalarını xahiş edək. Çünki bizə separatçı yox, sülh yaradan lazımdır”.
Report