milli-meclisin-deputatlari-tetilden-qayidib

Milli Məclisin deputatları tətildən qayıdıb

Bu gündən Azərbaycan Milli Məclisinin deputatları tətildən qayıdıblar.

Qanunverici orqanının üzvlərinin tətili dekabrın 30-dan yanvarın 17-dək davam edib.

Belə ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti yanvarın 15-dək davam etməlidir. Həmin tarix isə şənbə gününə təsadüf etdiyindən deputatlar bu gündən işə çıxacaqlar.

Parlamentin komitə iclaslarının keçirilməsinə isə sabahdan başlanılacaq.

Qeyd edək ki, Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Payız sessiyası isə sentyabrın 30-da start götürür və dekabrın 30-da yekunlaşır. Fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.